Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində Sənaye və Texnologiya Kollecində “Uşaq Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə tədris işləri üzrə direktor müavini Könül Abdurrəhimova, tərbiyə işləri üzrə direktor müavini Asəf Məmmədov, kollecin hüquqşünası Qurban Zeynalzadə, müəllimlər və tələbələr iştirak ediblər.
Çıxışı zamanı Qurban Zeynalzadə uşaq hüquqlarının müdafiəsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. O, BMT-nin Uşaq Hüquqları Konvensiyası barədə məlumat verərək, uşaq hüquqlarının dörd əsas istiqamətini — yaşamaq, inkişaf etmək, müdafiə olunmaq və iştirak etmək hüquqlarını izah edib. Həmçinin UNICEF-in uşaqların hüquqlarının qorunması, onların sağlam inkişafının təmin edilməsi və rifahının yüksəldilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətlərdən bəhs edib.
Tədbirin davamında müəllim və tələbələrin iştirakı ilə müzakirələr və debat keçirilib. Çıxışlarda gənclərin öz hüquqlarını bilməsi ilə yanaşı, ailə tərbiyəsinin, böyüklərə hörmətin, şəxsi məsuliyyətin və ictimai davranış qaydalarına riayət etməyin əhəmiyyəti vurğulanıb.
Tədbirin əsas məqsədi tələbələrin uşaq hüquqları barədə məlumatlılığını artırmaq, onların hüquqi biliklərini genişləndirmək və cəmiyyətdə məsuliyyətli davranışın əhəmiyyətini təbliğ etmək olub.




