Xəbərlər
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Sənaye və Texnologiya Kollecində son kurs tələbələri üçün peşəkar inkişafın dəstəklənməsi və əmək bazarına hazırlığın gücləndirilməsi məqsədilə “Effektiv CV hazırlanması və karyera planlaşdırılması” mövzusunda maarifləndirici seminar təşkil olunub.
Kollecin Karyera mərkəzinin müdürü Kəklik İsgəndərovanın təşkilatçılığı ilə keçirilən təlimdə Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin Karyera planlaşdırılması şöbəsinin baş mütəxəssisi İlkin Şərifov iştirak edib.
Seminar zamanı İlkin Şərifov tələbələrə əmək bazarının müasir tələbləri, düzgün karyera seçimi, effektiv CV hazırlanması və işə qəbul prosesində diqqət yetirilməli əsas məqamlar barədə ətraflı məlumat verib.
Bildirilib ki, uğurlu karyera qurmaq üçün ilk növbədə şəxsi bacarıq və maraqları düzgün qiymətləndirmək, əmək bazarının tələblərini nəzərə almaq və davamlı şəxsi inkişafa önəm vermək vacibdir.
Seminar çərçivəsində CV-nin aydın, qısa və peşəkar formada tərtib edilməsi, texniki və sosial bacarıqların düzgün təqdim olunması, həmçinin CV-nin müraciət edilən vakansiyanın tələblərinə uyğunlaşdırılması ilə bağlı praktiki tövsiyələr verilib. İş təcrübəsi olmayan tələbələrə isə təhsil müddətində iştirak etdikləri layihələri, istehsalat təcrübələrini və könüllülük fəaliyyətlərini CV-də əks etdirmələri tövsiyə olunub.
İlkin Şərifov karyera planlaşdırılmasına təhsilin ilk illərindən başlanılmasının və müasir əmək bazarında rəqabətədavamlı mütəxəssis olmaq üçün bilik və bacarıqların mütəmadi inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
İnteraktiv formada keçən seminarın sonunda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.




