Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası E-Kitabxana TƏLƏBƏ KABİNETİ

Haqqımızda

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində Sənaye və Texnologiya Kollecinin təhsil sistemində xüsusi yeri var.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2020-ci il 250 nömrəli qərarına əsasən, Bakı İdarəetmə və Texnologiya Kolleci ADNSU-nun nəzdində publik hüquqi şəxs statusuna malik olan Sənaye və Texnologiya Kolleci adı   ilə yenidən təşkil edilmişdir.

Bakı İdarəetmə və Texnologiya Kolleci Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli 145 nömrəli qərarına müvafiq olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14 sentyabr 1999-cu il tarixli 694 nömrəli əmrinə əsasən, 1955-1956-cı illərdə fəaliyyət göstərən Bakı Yerli Sənaye Texnoloji və Bakı Yüngül Sənaye Texnikumlarının bazası əsasında yaradılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Orta ixtisas təhsili müəssisələri şəbəkəsinin təkmilləşdirilməsi haqqında” 26.08.2002-ci il tarixli 140 nömrəli qərarına əsasən, Bakı İnşaat və Bakı Kommersiya texnikumları ləğv edilərək Təhsil Nazirliyinin 02.09.2002-ci il tarixli 885 nömrəli əmri ilə Bakı İdarəetmə və Texnologiya Kollecinə birləşdirilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  3 fevral 2016-cı il  tarixli qərarına və Təhsil Nazirliyinin 4 mart 2016-cı il tarixli 130 nömrəli əmrinə əsasən,  Bakı Kompüter Kollecinin fəaliyyətinə xitam verilmiş və həmin kollecin  Bakı İdarəetmə və Texnologiya Kollecinə birləşdirilməsi həyata keçirilmişdir.

Kollec öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyası, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, mövcud qanunvericiliyə uyğun  “Orta İxtisas təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” Azərbaycan Respublikasının  Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq  əmrlərini, kollegiyasının qərarlarını, ADNSU-nun nizamnaməsi və kollecin  öz nizamnaməsini rəhbər tutur.

Kollec orta ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə- ixtisas dərəcəsi vermək hüququna malik təhsil müəssisəsidir.

ADNSU-nun nəzdində fəaliyyət göstərən  Sənaye və Texnologiya Kollecində təhsil dövlət hesabına və ödənişli əsaslarla, Azərbaycan və rus dillərində həyata keçirilir. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq, ümumi orta təhsil bazasından qəbul olunan tələbələr üçün normativ təhsil 3 il, tam orta təhsil bazasından qəbul olunanlar üçün isə 2 il müəyyən edilmişdir. Orta ixtisas təhsili pilləsinin proqramlarını başa vurmuş və kollecin yekun dövlət attestasiyasından keçmiş məzunlarına  mövcud qanunvericiliyə uyğun olaraq, orta ixtisas təhsili haqqında dövlət nümunəli  diplom verilir. Kolleci bitirən məzunlara subbakalavr dərəcəsi verilir. Kollecə tələbə qəbulu Dövlət İmtahan Mərkəzi  (DİM) tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir. Hazırda Sənaye və Texnologiya Kollecində 5 əyani şöbədə aşağıdakı ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir:

1.    040305Dekorativ-tətbiqi sənət (zərgərlik)
2.040306Dizayn (qrafik dizayn)
3.040402Bələdiyyə işi ( Ümumi orta təhsil bazasından)
4.040405Marketinq
5.040406Mühasibat uçotu
6.040503Avtomatlaşdırılmış idarəetmə sistemlərinin istismarı
7.040518Ətraf mühitin mühafizəsi və bərpası
8.040523İnformasiyanın işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri
9.040525İstehlak mallarının ekspertizası
10.040529Kompüter sistemləri və kompleksləri
11.040530Kompüter sistemlərində proqram təminatı
12.040531Kompüter sistemlərinin təmiri və servisi
13.040532Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı
14.040533Kompüter şəbəkəsi avadanlıqlarının təmiri və servisi
15.040555Poliqrafiya istehsalatının texnologiyası
16.040558Sənaye avadanlıqlarının quraşdırılması və texniki istismarı
17.040567Telekommunikasiya və kompüter sistemlərinin informasiya təhlükəsizliyi
18.040570Tikiş məmulatlarının və trikotaj istehsalı texnologiyası
19.040717Turizm işinin təşkili

 

Kollecdə tədris, metodiki və pedaqoji işlərin həyata keçirilməsi üçün altı kafedra (fənn birləşməsi) fəaliyyət göstərir. Bunlar “Dillər”, “Humanitar”, “İqtisadiyyat”, “Təbiət fənləri”, “Kompüter texnologiyaları”, “Sənaye və Texnologiya” kafedralarıdır.

Kollecdə pedaqoji heyətin peşəkarlığının artırılması, ixtisasartırma və kadrların yenidən hazırlanması  prosesinə xüsusi diqqət yetirilir. Hazırda kollecdə 1 nəfər elmlər doktoru və  5 nəfər fəlsəfə doktoru fəaliyyət göstərir. Onlardan 3-ü müəllimdir.  ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində tədrisin təkmilləşdirilməsi, elm  və istehsalatla əlaqələrinin möhkəmləndirilməsi prosesi daim diqqət mərkəzində saxlanılır.

Tədris prosesində innovativ texnologiyalardan və müasir təlim metodlarından istifadə olunması, informasiya-kommunikasiya texnologiyalarının (İKT) təhsil sisteminə inteqrasiyasının təmin edilməsi, tədrisin yüksək səviyyədə və peşəkarcasına təşkili, eləcə də tələbə və müəllim arasında işgüzar və demokratik münasibətlərin formalaşdırılması təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır.

2025/2026-cı tədris ilindən etibarən kollecdə maddi-texniki və tədris infrastrukturunun gücləndirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Bu çərçivədə kompüter zallarının və laboratoriyaların müasir avadanlıqlarla təchiz edilməsi, kompüter, planşet və proyektor kimi texniki vasitələrdən istifadə imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. Kollec   geniş akt zalı, əsaslı təmir olunmuş yeməkxana, kompüter və müasir elektron resurslarla  təchiz edilmiş kitabxana, elektron dərsliklər, dərs vəsaitləri, tədris və tədris-metodiki ədəbiyyat,  böyük idman zalı və digər zəruri infrastrukturla təmin olunmuşdur. 

Kollecdə təhsil alan tələbələrin nəzəri biliklərlə yanaşı, praktik bilik və bacarıqlara yiyələnmələrinə xüsusi diqqət yetirilir. Tələbələr müvafiq sahələr üzrə müəssisələrdə istehsalat təcrübəsi keçərək gələcək peşə fəaliyyətləri üçün zəruri kompetensiyalar formalaşdırırlar. İxtisaslı mütəxəssis kimi yetişmələri məqsədilə tədris və istehsalat təcrübələrinin səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Tələbələrin istehsalat təcrübəsinin müəyyən edilmiş qrafikə uyğun və fasiləsiz keçirilməsi üçün zəruri şərait yaradılır. Kollecin pedaqoji kollektivi gənclərin müstəqil Azərbaycan Respublikasının vətəndaşları kimi yetişdirilməsi, onların vətənpərvər  ruhda tərbiyə olunması, milli-mənəvi dəyərlərə, dövlətçilik ənənələrinə, xalqımızın tarixinə və adət-ənənələrinə hörmət hissinin formalaşdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərir. Bu məqsədlə mövcud maddi-texniki imkanlardan və pedaqoji potensialdan səmərəli istifadə olunur.

44 günlük Vətən müharibəsində kollecin tələbə və məzunları da iştirak etmiş, göstərdikləri şücaətə görə müxtəlif medallarla təltif olunmuşlar. Şəhid tələbə və məzunlarımızın əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə kollecdə onların adlarını daşıyan otaq ayrılmış, həmçinin həyat və döyüş yollarını əks etdirən fotostend yaradılmışdır. Bu təşəbbüslər şəhidlərimizin xatirəsinin yaşadılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Sənaye və Texnologiya Kolleci XXI əsrin tələblərinə uyğun, müstəqil düşünən, təşəbbüskar və yaradıcı vətəndaşların yetişdirilməsini, əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasının əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən etmişdir.

 

Kollecin hüquqi ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 51.

 

1960-cı ildən gələcəyi inşa edirik. Azərbaycanın texnoloji tərəqqisinə töhfə verən kadrlar yetişdiririk.