office@stk.edu.az
(+994 12) 567-78-59

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Qəbul qaydaları

Azərbaycan Respublikası vətəndaşları dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssələrində pullu və pulsuz təhsil almaq hüququna malikdirlər. Azərbaycan Respublikasında orta ixtisas təhsili müəssisələrinə qəbul dövlət tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir. Orta ixtisas təhsili müəssisəsi müəyyən olunmuş qaydada qəbulun həcmini və strukturunu öz Nizamnaməsinə müvafiq olaraq müəyyən edib, təsisçinin təsdiqinə təqdim edir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində Sənaye və Texnologiya Kolleci dövlət tədris müəssisəsidir. Kollecə tələbə qəbulu 9 illik və 11 illik təhsil bazasından 20 ixtisas üzrə əyani və qiyabi təhsil formasında azərbaycan və rus bölmələri üzrə aparılır.

Orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu (9 illik) adətən fevral və (11 illik) may aylarında internet vasitəsilə aparılır.

Abituriyentlər https://ekabinet.dim.gov.az/  internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə saat 10-dan etibarən Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (https://eservices.dim.gov.az/erizetex/erize/)   daxil olub "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər). Ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməli olan abituriyentlər tələb olunan sənədlər və SQK-ların ünvanları ilə elanın tam mətnilə tanış ola bilərlər.

Ümumi (9 illik) orta təhsil səviyyəsini əvvəlki illərdə bitirən və ya ümumi orta təhsil səviyyəsini Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər müsabiqədə iştirak etmək üçün Azərbaycan dili və ya rus dili, riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verirlər. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər.

Qəbul imtahanı iki mərhələdə keçirilir. İmtahanın birinci mərhələsi üzrə abituriyentlərə Azərbaycan (rus) dili fənnindən 20, riyaziyyat fənnindən 10 və xarici dil fənnindən 15 olmaqla, ümumilikdə 45 tapşırıq təqdim edilir. Tapşırıqların yerinə yetirilməsinə 3 saat vaxt ayrılır.

İkinci mərhələdə hər bir fənn üzrə 30 tapşırıq olmaqla, ümumilikdə Azərbaycan (rus) dili, riyaziyyat və xarici dil fənlərindən 90 qapalı tipli test tapşırığı təqdim edilir. Test tapşırıqlarının cavablandırılmasına 3 saat vaxt ayrılır.

Qəbul imtahanının birinci mərhələsində iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent ixtisas seçiminə buraxılmır. Cari ilin məzunu isə buraxılış imtahanının hər hansı bir mərhələsi üzrə imtahanda iştirak etmədiyi halda ixtisas seçiminə buraxılmır. Qəbul (buraxılış) imtahanlarının nəticələri 2 il qüvvədə olur.

Tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi orta təhsil müəssisələrini cari ildə bitirən abituriyentlərin buraxılış imtahanı çərçivəsində verdikləri Azərbaycan dili (dövlət dili kimi) fənni imtahanından nisbi balı ən azı 50 olduğu halda, onların həmin nəticələri əsas götürülür və "məqbul” almış hesab olunurlar. Həmin imtahan üzrə nisbi balı 50-dən az olan abituriyentlər isə "qeyri-məqbul” almış hesab olunurlar və Azərbaycan dili (dövlət dili kimi) fənnindən yenidən imtahan verirlər.

İxtisas seçimi qəbul imtahanı (hər iki mərhələ üzrə) başa çatdıqdan sonra həyata keçirilir. İxtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla olan 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul alan abituriyentlər buraxılırlar.

Müsabiqə abituriyentin buraxılış (qəbul) imtahanından topladığı ümumi bal əsasında aparılır.

Ətraflı məlumat üçün:

https://dim.gov.az/ 

https://edu.gov.az/