17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecinin tələbə və müəllim heyətinin iştirakı ilə maarifləndirici dəyirmi masa təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Dəyirmi masanı giriş sözü ilə açan Dillər fənn birləşmə komissiyasının sədri Aynur Rzaquliyeva Xalq şairi Məmməd Arazın “Ayağa dur, Azərbaycan!” şeirindən misralar səsləndirərək 1988-ci il noyabrın 17-də başlayan milli azadlıq hərəkatının xalqımızın milli oyanışı, birliyi və müstəqillik mübarizəsi baxımından tarixi əhəmiyyətini vurğulayıb.
Dəyirmi masada çıxış edən tarix müəllimi Rəna İsmayılova və kollecin tərbiyə işləri üzrə direktor müavini Asəf Məmmədov 1988-ci ildə Topxana meşəsində ağacların kəsilməsinə etiraz olaraq başlayan meydan hərəkatının səbəbləri, sovet rejiminin təzyiqləri və xalqımızın müstəqillik uğrunda keçdiyi çətin, lakin şərəfli yol barədə gənclərə ətraflı məlumat veriblər. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də üçrəngli bayrağımızın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilməsinin tarixi əhəmiyyəti, eləcə də Ümummilli Liderin dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsindəki misilsiz xidmətləri xüsusi vurğulanıb.
Eyni zamanda, 1988-ci ildə alovlanan milli dirçəliş ruhunun xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizəsində mühüm rol oynadığı qeyd edilib. Bildirilib ki, bu mübarizə 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Ordumuzun gücü sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərlə yeni mərhələyə qədəm qoyub, 2023-cü ildə isə ölkəmizin suverenliyi bütün ərazisində tam bərpa olunub.
Tədbir çərçivəsində Milli Dirçəliş Gününə həsr olunmuş videoçarx təqdim edilib, ardınca isə tələbələr vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. Filologiya elmləri doktoru, professor Mahirə Nağıqızının “Vətən” şeiri Rövnəq Mirzəxanlının, Xalq şairi Bəxtiyar Vahabzadənin “Azərbaycan” şeiri Murad Rəhimovun, Xalq şairi Məmməd Arazın “Azərbaycan dünyam mənim” şeiri isə Fatimə Mehdiyevanın ifasında təqdim olunub.








