Xəbərlər
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində Sənaye və Texnologiya Kollecində Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Uğura doğru: Fikirdən reallığa” mövzusunda maarifləndirici görüş keçirilib. Tədbirin qonağı “Destec Group” şirkətinin İdarə Heyətinin sədri (CEO), ADNSU-nun Menecment kafedrasının baş müəllimi, fəlsəfə doktoru Sakit Səmədov olub.
Görüş zamanı Sakit Səmədov öz karyera təcrübəsini tələbələrlə bölüşərək ideyaların real biznes layihələrinə çevrilməsi, uğur qazanmağın əsas prinsipləri və gənclər üçün mövcud imkanlardan danışıb. O, vaxtın səmərəli idarə olunması, şəxsi inkişaf, məqsədlərin düzgün müəyyənləşdirilməsi, süni intellekt texnologiyalarından istifadə, ünsiyyət və təqdimat bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Həmçinin əzmkarlığın, davamlı öyrənmənin və məsuliyyətli yanaşmanın uğurlu karyera quruculuğunda mühüm rol oynadığını diqqətə çatdırıb.
İnteraktiv müzakirə şəraitində keçən görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb, şəxsi inkişaf, sahibkarlıq və karyera planlaşdırılması ilə bağlı faydalı tövsiyələr verilib.



