Xəbərlər
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində Sənaye və Texnologiya Kolleci ilə Türkiyə Respublikasının nüfuzlu ali təhsil müəssisələrindən olan Hacettepe Universitetinin Sosial Elmlər Peşə Kolleci (Sosyal Bilimler Meslek Yüksekokulu) arasında anlaşma memorandumunun imzalanması istiqamətində növbəti onlayn iclas keçirilib.
İclası giriş sözü ilə açan Kollecin Beynəlxalq əlaqələr üzrə işçi qrupunun sədri, Qeydiyyat, qiymətləndirmə və monitorinq bölməsinin müdiri Günel Dadaşova qarşı tərəfi salamlayaraq imzalanacaq memorandumun hər iki təhsil müəssisəsi üçün strateji əhəmiyyətindən və gələcək tərəfdaşlıq perspektivlərindən bəhs edib.
Görüş zamanı hər iki təhsil müəssisəsinin ortaq mövqeyi əsasında memorandum layihəsinə ediləcək dəyişikliklər, tərəfdaşlıq şərtləri və qarşılıqlı razılaşdırılacaq digər akademik məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
İclasın yekununda tərəflər sənədin son variantının razılaşdırılması və yaxın zamanda rəsmi imzalanma prosesinin yekunlaşdırılması istiqamətində növbəti addımları müəyyənləşdiriblər.


