Xəbərlər
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində Sənaye və Texnologiya Kollecinin müəllim, tyutor və tələbələri, o cümlədən şöbə müdiri Fatma Əzizbəyova və istehsalat təcrübə rəhbəri Sevinc Qəmbərova 13–15 noyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən “Azerbaijan Wedding Expo 2026” – Ailə və Toy Sərgisində iştirak ediblər.
Sərginin əsas məqsədi ailə dəyərlərinin və milli toy adət-ənənələrinin qorunub yaşadılması, müasir tendensiyaların nümayiş etdirilməsi, eləcə də toy və tədbir sektorunda fəaliyyət göstərən şirkətlərin məhsul və xidmətlərinin geniş ictimaiyyətə təqdim olunması olub.
Sərgi çərçivəsində iştirakçılar gəlinlik və bəy geyimləri, zinət əşyaları, toy aksesuarları, dekorasiya nümunələri, foto-video xidmətləri, tədbirlərin təşkili, musiqi və əyləncə, qida və katerinq xidmətləri, dəvətnamələr, hədiyyəliklər, həmçinin ev və interyer dizaynı, cehiz və ailə məişətinə aid müxtəlif məhsul və xidmətlərlə tanış olublar.
Kollecin müəllim və tələbələri sərgidə təqdim olunan müasir dizayn həlləri, dekorasiya nümunələri, tədbirlərin planlaşdırılması və təşkili sahəsində tətbiq edilən yeniliklərlə yaxından tanış olmaq imkanı əldə ediblər. Eyni zamanda, milli toy ənənələrinin müasir formada təqdimatı, müxtəlif şirkətlərin yaradıcı yanaşmaları və istehlakçı tələblərinə uyğun məhsul və xidmətlər iştirakçılarda xüsusi maraq doğurub.







