Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası E-Kitabxana TƏLƏBƏ KABİNETİ

Xəbərlər

Sənaye və Texnologiya Kollecində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş intellektual yarış keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Sənaye və Texnologiya Kollecində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə tələbələr arasında intellektual bilik yarışı təşkil olunub.

Tədbir müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Kollecin Təbiət fənləri fənn birləşməsinin sədri, yarışın təşkilatçısı Səidə Bayramova çıxış edərək Zəfər Gününün tarixi əhəmiyyətindən bəhs edib, bu möhtəşəm Qələbənin xalqımızın 30 illik yurd həsrətinə son qoyduğunu vurğulayıb. O, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində qazanılan tarixi Zəfərin xalqımız üçün sonsuz qürur mənbəyi olduğunu bildirib. Dövlətimizin gələcək inkişafında savadlı, intellektual və bacarıqlı gənclərin mühüm rol oynadığını qeyd edən natiq yarış iştirakçılarına uğurlar arzulayıb.

İntellektual yarışda kollecin müxtəlif şöbələrini təmsil edən beş komanda öz bilik və bacarıqlarını nümayiş etdirib:

  • “Dəmir Yumruq” – “Kompüter sistemləri, servis və şəbəkələr” şöbəsi;
  • “Şuşa” – “Yaradıcı sənət və mədəniyyət sahələri” şöbəsi;
  • “Xarıbülbül” – “Proqramlaşdırma və informasiya təhlükəsizliyi” şöbəsi;
  • “Zəfər” – “Sənaye və texniki istismar” şöbəsi;
  • “Qarabağ” – “İqtisadiyyat, idarəetmə və marketinq” şöbəsi.

Yarışın gedişində təqdim olunan bədii çıxışlar tədbirə xüsusi rəng qatıb. Kollecin Mədəniyyət klubunun tələbələrinin ifasında səsləndirilən “Azərbaycan” mahnısı, tar və kamançanın müşayiəti ilə təqdim olunan “Qarabağ şikəstəsi”, eləcə də tələbələrin ifasında nümayiş etdirilən “Zəfər rəqsi” iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Azərbaycanın şanlı tarixi, dövlət rəmzləri və Zəfər salnaməsinə dair sualların cavablandırıldığı intellektual yarış maraqlı və gərgin mübarizə şəraitində keçib. Yarışın yekun nəticələrinə əsasən, komandalar aşağıdakı yerləri tutublar:

  • I yer – “Dəmir Yumruq” komandası;
  • II yer – “Şuşa” komandası;
  • III yer – “Xarıbülbül” komandası;
  • IV yer – “Zəfər” komandası;
  • V yer – “Qarabağ” komandası.

Tədbirin sonunda kollecin Həmkarlar İttifaqı Komitəsinin sədri, metodist Xəlil Bağırov çıxış edərək tarixi Zəfərin əhəmiyyətindən danışıb. O, yarışda iştirak edən bütün komandaların yeni biliklər və dəyərli təcrübə qazandığını, bu cür tədbirlərin tələbələr arasında birlik, həmrəylik və sağlam rəqabət mühitinin formalaşmasına mühüm töhfə verdiyini vurğulayıb.

Sonda yarışda iştirak edən bütün tələbələrə təşəkkürnamələr, birinci yerə layiq görülən “Dəmir Yumruq” komandasına isə xüsusi hədiyyələr təqdim olunub.