26 noyabr 2026-cı il tarixində ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində TM 205-ci qrupunda “Tikiş məmulatlarının texnologiyası” fənni üzrə müəllim İlahə Nuriyevanın dərs dinləməsi keçirilib.
Dərs dinləməsində şöbə müdiri Fatma Əzizbəyova və fənn birləşmə sədri Səadət Sultanova iştirak ediblər.
Dərs zamanı tələbələrin tədris prosesi çərçivəsində hazırladıqları əl işləri nümayiş olunub. İştirakçılar tələbələrin əl işləri ilə yaxından tanış olub, onların praktiki bacarıqlarını, yaradıcılıq yanaşmalarını və əldə etdikləri peşə vərdişlərini qiymətləndiriblər.
Təqdim olunan əl işləri tələbələrin tikiş texnologiyası sahəsində qazandıqları biliklərin praktik nəticəsini əks etdirib. Dərs prosesində tələbələrin fəallığı və yaradıcılıq potensialı diqqət çəkib.
Dərs dinləməsinin əsas məqsədi tədrisin keyfiyyətini, nəzəri biliklərlə praktiki bacarıqların vəhdətini və tələbələrin peşə hazırlığını dəyərləndirmək olub.
Bu cür dərs dinləmələri tədris prosesinin təkmilləşdirilməsi, tələbələrin yaradıcılıq imkanlarının üzə çıxarılması və gələcək mütəxəssislərin peşəkar inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.





