Новости
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Sənaye və Texnologiya Kollecində “İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyi ilə birgə əməkdaşlıq çərçivəsində “Zəfər Salnaməmiz – milli qürurumuz, dövlətçilik tariximiz və əbədi qələbəmiz!” adlı genişmiqyaslı tədbir baş tutub.
Tədbirdən öncə qonaqlar və iştirakçılar kollecdə Zəfər Gününə həsr olunmuş sərgi ilə tanış olublar. Sərgidə vətənpərvərlik ruhunu, tarixi qələbəni və şəhidlərimizin xatirəsini əks etdirən rəsm əsərləri və əl işləri nümayiş etdirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.
Təntənəli mərasimdə “İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyinin sədri Turanə Orucova, Milli Məclisin deputatı Nigar Məmmədova, Milli Məclisin deputatı, hüquq elmləri doktoru, professor Samir Vəliyev, Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev, kollecin direktoru, professor Nasim Abışov, eləcə də “Gənclərin Səsi” Platforması İctimai Birliyinin sədri Telman Aslanlı çıxış ediblər.
Natiqlər öz çıxışlarında 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Ordumuzun qəhrəmanlığı ilə qazanılan tarixi Zəfərin əhəmiyyətindən geniş bəhs ediblər. Çıxışlarda Prezident İlham Əliyevin illər ərzində həyata keçirdiyi uzaqgörən siyasətin, qətiyyətli siyasi iradəsinin və güclü ordu quruculuğu strategiyasının bu tarixi Qələbənin əldə olunmasında mühüm rol oynadığı xüsusi qeyd edilib. Vurğulanıb ki, bu Qələbə xalqımızın sarsılmaz birliyinin, dövlətimizin hərbi-iqtisadi qüdrətinin və beynəlxalq hüququn təntənəsidir. Həmçinin Qarabağ və Şərqi Zəngəzurda aparılan irimiqyaslı quruculuq işlərindən, ideoloji təhlükəsizliyin qorunmasından və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyindən danışılıb.
Tədbirdə kollecin şəhidlik zirvəsinə ucalmış məzunları – Nurlan Ağakişiyev, Azər Əliyev və Rəvan Əliyevin əziz xatirəsi ehtiramla yad edilib, onların vətənpərvərliyinin gənc nəsil üçün hər zaman örnək olduğu vurğulanıb.
Daha sonra Zəfər Günü münasibətilə kollecdə təhsil alan şəhid ailələrinin üzvləri Fəqan Veysəlliyə və Vüsal Abıyevə, Qarabağ müharibəsi əlilinin övladı Timur Əmirəliyevə, antiterror əməliyyatı iştirakçısı Nail Məmmədova, eləcə də kollecin məzunu, müharibə veteranı Şamxal Qəribova xatirə hədiyyələri təqdim olunub.
Tədbirin yaddaqalan məqamlarından biri də elm və təhsil sahəsində yüksək nailiyyətlər əldə edən gənclərin dəstəklənməsi məqsədilə kollecin direktoru, professor Nasim Abışovun təşəbbüsü bu il ilk dəfə təsis edilmiş xüsusi təqaüdlərə layiq görülmüş tələbələrin qonaqlara təqdim edilməsi olub.
Belə ki, “Heydər Əliyev Təqaüdü”nün qalibi Nərmin Baxşəliyeva, “Lütfi Zadə Təqaüdü”nün qalibi Həsən Quluzadə, eləcə də Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi qəbul imtahanında ən yüksək bal toplamış tələbə Aytac Hacıyeva tədbir iştirakçılarına təqdim ediliblər.
Bütün təqaüdçülərin adından çıxış edən “Heydər Əliyev Təqaüdü”nün qalibi Nərmin Baxşəliyeva göstərilən yüksək etimada və qayğıya görə təşəkkürünü bildirərək, Azərbaycan gənclərinin tarixi Zəfərimizin əhəmiyyətini yüksək təhsil göstəriciləri və gələcək nailiyyətləri ilə daim yaşadacaqlarını vurğulayıb
Rəsmi hissənin ardınca tədbir geniş bədii proqramla davam edib. Bədii proqram çərçivəsində “Zəfər rəqsi” nümayiş etdirilib, vətənpərvərlik və qələbə ruhunu tərənnüm edən “Zəfər marşı”, “Azərbaycan elləri”, “Azərbaycan diyarım” və “Qarabağ şikəstəsi” adlı musiqi əsərləri səsləndirilib.
Tədbir Zəfər tariximizi qanı ilə yazan qəhrəmanlarımıza dərin ehtiram və güclü dövlətçiliyimizə ünvanlanan səmimi diləklərlə yekunlaşıb.
Qarabağ Azərbaycandır! Zəfər Günümüz mübarək!




















