Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecində tədrisin modernləşdirilməsi və qiymətləndirmə prosesində şəffaflığın təmin olunması məqsədilə "Rəqəmsal Kollec" layihəsi çərçivəsində növbəti yenilik reallaşdırılır.
Ümumtəhsil bazasından kollecimizə qəbul olan tələbələr üçün Kiçik Summativ Qiymətləndirmələrin (KSQ) rəqəmsal platforma üzərindən keçirilməsi təmin olunmuşdur. Sistem tətbiq olunmazdan öncə texniki infrastrukturun sınaqdan keçirilməsi məqsədilə təşkil olunan sınaq imtahanları uğurla başa çatmışdır.
Artıq bütün texniki və təşkilati hazırlıq işləri yekunlaşdırılmış, imtahan bazası tam hazır vəziyyətə gətirilmişdir. Kiçik Summativ Qiymətləndirmələrin rəqəmsal formatda keçirilməsi tələbələrin bilik və bacarıqlarının daha obyektiv, çevik və şəffaf şəkildə qiymətləndirilməsinə geniş imkanlar yaradacaqdır.


