Колледж
Абитуриентам
Учеба
Педагогам
Деятельность
Галерея
База выпускников Э-библиотека Личный кабинет студента

Новости

“VƏTƏNLƏŞƏN SÖZ, ƏBƏDİLƏŞƏN SƏNƏT – SƏMƏD VURĞUN”

6 noyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kolleci ilə Səməd Vurğunun Ev-Muzeyinin birgə əməkdaşlığı çərçivəsində Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr olunmuş “Vətənləşən söz, əbədiləşən sənət – Səməd Vurğun” adlı ədəbi-bədii tədbir keçirilib.

Tədbir kollecin Dillər Fənn Birləşməsi Komissiyasının sədri Aynur Rzaquliyevanın təşkilatçılığı, Mədəniyyət və İncəsənət Klubunun üzvlərinin, müəllim və tələbələrin iştirakı ilə baş tutub.

Tədbirdə Səməd Vurğunun Ev-Muzeyinin direktoru Vurğun Vəkilov, şairin yaradıcılığının tədqiqatçısı Aslan Salmansoy, kollecin Tədris hissə müdiri Lalə Nəsibova və Qeydiyyat, qiymətləndirmə və monitorinq şöbəsinin müdiri Günel Dadaşova iştirak ediblər.

Tədbirdə çıxış edən Səməd Vurğunun Ev-Muzeyinin direktoru, şairin nəticəsi Vurğun Vəkilov tədbirin təşkilinə görə kollec rəhbərliyinə təşəkkürünü bildirib. O, böyük şairin zəngin irsinin qorunub saxlanması və gənc nəslə ötürülməsində muzeylə təhsil müəssisələri arasındakı əməkdaşlığın müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Şairin yaradıcılığının tədqiqatçısı Aslan Salmansoy öz çıxışında Səməd Vurğun poeziyasının fəlsəfi dərinliyindən, bədii xüsusiyyətlərindən və ədəbiyyatımızın inkişafına verdiyi böyük töhfələrdən ətraflı bəhs edərək, onun əsərlərinin hər bir azərbaycanlı üçün milli sərvət olduğunu qeyd edib.

Sonra kollecin Dillər Fənn Birləşməsi Komissiyasının sədri Aynur Rzaquliyeva çıxış edərək kollecin rəhbərliyi adından muzeylə qurulan səmərəli əməkdaşlığa və tədbirin təşkilinə göstərilən dəstəyə görə muzeyin direktoru Vurğun Vəkilova təşəkkürünü bildirib. O, Səməd Vurğunun Azərbaycan ədəbiyyatı və tarixindəki müstəsna xidmətlərindən bəhs edib. Şairin “Şuşa” şeirinə xüsusi diqqət çəkən Aynur Rzaquliyeva əsərdə ifadə olunan Vətən həsrətini 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərlə əlaqələndirib. O, bu möhtəşəm qələbənin Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli və uzaqgörən siyasəti, polad iradəsi, həmçinin rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı və şücaəti sayəsində əldə olunduğunu xüsusi vurğulayaraq, Şuşanın azadlığı ilə illərin həsrətinin qürur və qələbəyə çevrildiyini diqqətə çatdırıb.

Tədbirin bədii hissəsində tələbələr Səməd Vurğunun şeirlərini, musiqi və rəqs nömrələrini, eləcə də ədəbi-bədii kompozisiyaları təqdim ediblər. İfa və təqdimatlar şairin yaradıcılığının ideya-bədii zənginliyini, Vətənə bağlılıq və milli-mənəvi dəyərlər ruhunu nümayiş etdirib.

Tədbir böyük söz ustadının irsinə ehtiramın ifadəsi olmaqla yanaşı, kolleclə muzey arasında mədəni-maarifçilik sahəsində əməkdaşlığın inkişafına və tələbələrin ədəbi-mədəni dünyagörüşünün zənginləşməsinə xidmət edib.

Səməd Vurğunun ölməz irsi bu gün də xalqımızın mənəvi yaddaşında yaşayır. Onun sözü Vətənləşir, sənəti əbədiləşir.

https://youtube.com/shorts/KEQC9ikletw?feature=share