12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür.

 

 

Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 26 il ötür. 26 il bundan əvvəl Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olunub.

Müstəqil Azərbaycanın ilk Konstitusiya layihəsi Ümummilli lider Heydər Əliyev başda olmaqla xüsusi komissiya tərəfindən hazırlanıb. Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul olunub. Ölkəmizin Əsas Qanunu 1995-ci il noyabrın 27-dən hüquqi qüvvəyə minib.

1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilir.

Azərbaycan dövlətçiliyində 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdir. Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunub. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da, əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxıb.

Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir.

Dövrün tələblərinə uyğun Azərbaycan Konstitusiyasına 2002-ci ilin avqustunda, 2009-cu ilin martında və 2016-cı ilin sentyabrında referendum yolu ilə əlavə və dəyişikliklər edilib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də 25 maddəyə 30-dan artıq, 2016-cı ilin sentyabrın 26-da isə, 29 maddəsinə 41-dən artıq əlavə və dəyişiklik olunub.

Böyük hüquqi, siyasi və ideoloji potensiala malik olan Azərbaycan Respublikasının Konstitusiysı bu il daha fərqli əhval-ruhiyyədə qeyd olunur. Belə ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində tarixi qələbə qazanaraq, 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Bu baxımdan Konstitusiya Günümüz bu il uzun müddətdən sonra ölkəmizin hər bir yerində böyük qürur və iftixar hissi ilə qeyd olunur.

Dövlətimizin daha da güclənməsi və tərəqqisi yolunda uğurlar arzulayırıq.

Konstitusiya Günümüz mübarək!