ADNSU nəzdində Sənaye və Texnologiya kollecində Respublika Gününə həsr olunan tədbir

 

 

 

ADNSU nəzdində Sənaye və Texnologiya kollecində Respublika Gününün 103-cü ildönümünə həsr olunan tədbir Pandemiya səbəbindən məhdud sayda iştirakçı sayı ilə onlayn keçirildi.

Tədbirdə Respublika Gününün yarandığı tarixin mahiyyəti, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründəki böyük nailiyyətlər: İlk dəfə qadınlara seçim hüququnun tanınması və qadın-kişi bərabərliyinin təmin olunması, milli ordu quruculuğunun həyata keçirilməsi, milli valyutanın buraxılması, milli bankın yaradılması, demokratikləşmə, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmən tanınması, Azərbaycanın bütövlüyünün təmin olunması, iqtisadi islahatların aparılması ilə bağlı mühazirə dinlənildi.

Mühazirədə qeyd olunur ki, Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası 1918-ci il mayın 28-də Azərbaycanın "İstiqlal Bəyannaməsi"ni qəbul etdi. Bununla da, yüz üç il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyəti yaranmış oldu. Azərbaycanda Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycan xalqı XIX əsrin əvvəlində itirilmiş dövlətçiliyini bərpa etdi.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı tarix Respublika günü kimi ölkəmizdə təntənə ilə qeyd edilir.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bütün türk-müsəlman dünyasında, bütün Şərqdə, eləcə də, xalqımızın tarixində ilk dəfə olaraq demokratik prinsiplər əsasında respublika idarə üsulu - parlamentli respublika yaradıldı.

İstiqlal Bəyannaməsində deyilirdi ki, bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.

Beləliklə, Birinci Dünya müharibəsinin gedişində və Rusiyada Romanovlar mütləqiyyətinin devrilməsi nəticəsində yaranmış çox mürəkkəb bir tarixi şəraitdə Azərbaycanın şimal torpaqlarında itirilmiş dövlətçiliyimiz yenidən, özü də bu dəfə parlamentli respublika formasında bərpa edildi.

Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyət fəaliyyət göstərdiyi qısa müddətdə bütün sahələrdə dərin və zəngin iz qoydu. Belə ki, Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi.Milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də Sovet Rusiyasının hərbi müdaxiləsi, XI Qızıl Ordunun Şimali Azərbaycanı işğal etməsi nəticəsində süqut etdi. Şimali Azərbaycan yenidən Rusiyanın tərkibinə qatıldı.

Sovet dövründə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları və onların fəaliyyəti qadağan olunmuşdur. Azərbaycan tarixçilərinə Azərbaycan Xalq Cümhuriyyətinin adının çəkilməsi yasaq edilmişdir.

1991-ci ildə SSRİ-nin dağılması nəticəsində, Azərbaycan xalqı Şimali Azərbaycanda dövlət müstəqilliyini yenidən bərpa etdi. Azərbaycan Xalq Cümhuriyyətinin (1918–1920) banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin dediyi kimi, "Bir kərə yüksələn bayraq, bir daha enməz!".

Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini elan etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı bütün qadağalara son qoyuldu.

Məruzə ətrafında çıxışlar oldu. Çıxışlarda qeyd olunurdu ki, Cümhuriyyətin adının özünə qaytarılması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqillik dövründə Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı arxiv materialları açıldı, elmi işlər reallaşdı, həqiqətlər ortaya çıxdı. Ulu Öndər Heydər Əliyev Cümhuriyyətin tariximizdəki roluna xüsusi qiymət verərək bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır.

Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu, AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi.

Bu il Azərbaycanın müstəqilliyinin 1991-ci ildə bərpa edilməsindən 30 il keçir. Dövlət müstəqilliyinin elan edilməsindən keçən 30 il ərzində Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı, dövlətçilik inkişaf etdirildi, daxili və xarici siyasətinin əsas istiqamətləri müəyyənləşdirildi, hərtərəfli sosial-iqtisadi islahatlar aparıldı, əhalinin rifahı xeyli yüksəldi, dövlətimizin ərazi bütövlüyünü hərbi yolla təmin etməyə qadir olan milli ordu yaradıldı, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, doğma Qarabağ 30 il davam etmiş erməni işğalından azad edildi.

Respublika Gününün 103 ildönümü münasibə ilə bütün xalqımızı ürəkdən təbrik edirik.

Yaşasın müstəqil Azərbaycan.