Kollecin müəllimi Aynur Ağayevanın növbəti elmi məqalələri nüfuzlu jurnallarda dərc olunmuşdur
Müəllimimizin "Osmanlı-Səfəvi diplomatik əlaqələri və onların Azərbaycan tarixindəki rolu" ("Ottoman-Safavid Diplomatic Relations and Their Role in the History of Azerbaijan") adlı birinci elmi əsəri Türkiyənin Kars şəhərində nəşr olunan "BUTA International Journal of Scientific Research" (Uluslararası Bilimsel Araştırmalar Dergisi) jurnalında (Cild 25, №3, 2026-cı il, səh. 289) dərc edilmişdir. Məqalədə XVI–XVII əsrlərdə (1501–1639-cu illər) Osmanlı və Səfəvi imperiyaları arasındakı hərbi-siyasi, diplomatik, iqtisadi və mədəni münasibətlər, eləcə də bu proseslərin Azərbaycanın geopolitik mövqeyinə, sərhəd bölgələrinə, şəhər həyatına və ticarət yollarına təsiri geniş təhlil olunur. Tədqiqatın nəticələrində tarixi Azərbaycan torpaqlarının iki imperiya arasındakı mübarizədə yalnız döyüş meydanı olmadığını, eyni zamanda diplomatiya və regional ticarət baxımından mühüm mövqeyə sahib olduğu vurğulanır.
https://doi.org/10.66526/buta.2026.v25.i3.16
Aynur Ağayevanın “Azərbaycan Xalq Cümhuriyyəti parlament müzakirələrində xarici siyasət və milli dövlət anlayışının formalaşması (1918–1920)” adlı digər elmi məqaləsi isə Azərbaycan Respublikasının Təhsil İnstitutunun “Elmi əsərləri” elmi jurnalında (Cild 93, №5, 2026-cı il, səh. 146) işıq üzü görmüşdür. Bu tədqiqatda AXC parlamentindəki çıxışlar və stenoqramlar əsasında dövlət və millət anlayışlarının xarici siyasət müstəvisində necə formalaşdığı və bir-biri ilə əlaqələndirildiyi araşdırılır. Məqalədə millət anlayışının dini-etnik çərçivədən vətəndaşlıq əsaslı siyasi modelə doğru inkişafı və bu təfəkkürün milli dövlətçiliyin xarici siyasətdə tanınmasındakı rolunun əhəmiyyəti qeyd olunur.
https://journals.arti.edu.az/journal?id=38-volume-93-No-5-2026


