Kollecin psixoloqu Gülnar Məstəlizadə birinci kurs tələbələri ilə auditoriyalarda maarifləndirici görüşlər keçirib. Görüşlər zamanı tələbələrə kollecdə psixoloji xidmətin fəaliyyəti, müraciət imkanları və psixoloji dəstək ala biləcəkləri hallar barədə məlumat verilib.
Psixoloji sağlamlığın tədris prosesinə, gündəlik həyata və şəxsiyyətlərarası münasibətlərə təsirindən danışılıb. Yeni təhsil mühitinə uyğunlaşma, emosional çətinliklər, həyəcan, özünəinam və ünsiyyət problemləri zamanı vaxtında dəstək almağın əhəmiyyəti vurğulanıb. Psixoloqa müraciətin insanın özünə və psixoloji sağlamlığına məsuliyyətli münasibətinin göstəricisi olduğu diqqətə çatdırılıb.
Görüşlər tələbələrin psixoloji xidmət barədə məlumatlılığının artırılmasına və ehtiyac yarandıqda dəstəyə müraciət etmələrini asanlaşdıran etimad mühitinin formalaşdırılmasına yönəlib.



