Nərimanov rayonunda Narkomaniyaya qarşı maarifləndirmə tədbirləri çərçivəsində Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) "Narkomaniya gələcəksiz həyat” mövzusunda tədbir keçirilib. Əvvəlcə narkomaniya və onun törətdiyi fəsadlarla bağlı qısametrajlı film nümayiş olunub. Filmdə narkomaniyanın qurbanına çevrilmiş insanların həyat tərzi, onların üzləşdiyi çətinliklər, səhhətlərində yaranan problemlər bilavasitə onların öz dilindən səsləndirilib. Filmin qəhrəmanları insanları "ağ ölüm”dən uzaq durmağa, sağlam həyat tərzi yaşamağa səsləyiblər.
Sonra tədbiri giriş sözü ilə kollecin tərbiyə işləri üzrə direktor müavini Xalid Məcidov açaraq, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində narkomaniyanın, narkobiznesin ön sıralarda dayandığını bildirib. Qeyd edib ki, narkomaniya və narkobiznes cəmiyyətdə çox faciəvi nəticələrə gətirib çıxaran bir bəladır. Onun sözlərinə görə, narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur. Mütəxəssislərin hesablamalarına istinad edən direktor müavini deyib ki, narkotiklərin qanunsuz dövriyyəsindən hər il yüz milyardlarla dollar gəlir əldə edilir. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin hesablamalarına əsasən dünyada narkotiklərin ticarəti, neft və silah alverindən sonra üçüncü ən çox gəlir gətirən sahə hesab olunur. Dünyada milyonlarla minlərlə insan bu bəladan əziyyət çəkir. X.Məcidov təəssüflə vurğulayıb ki, Azərbaycanda da minlərlə insan narkotiklərə aludə olaraq narkomaniyanın qurbanına çevrilib.
Kollecin hərbi rəhbəri Qəzənfər Vəliyev narkomaniya və onun cəmiyyətə, insanlığa vurduğu zərər barədə məruzə edib. Bildirib ki, insanları sağalmaz xəstəliklər məngənəsində boğan "ağ ölüm” - narkomaniya yunan sözüdür. "Narko” donub qalmaq, "maniya” psixi pozğunluq deməkdir. Hərbi rəhbər deyib ki, bəşəriyyət uzun illərdir narkomaniyanın törətdiyi dəhşətli fəsadlarla üz-üzə qalıb. Onun sözlərinə görə, narkotika insanlarda mərkəzi sinir sisteminin təsir gücünü artıran bir dərmandır. Onu qəbul edənlər ən çoxu bir saat, yaxud saat yarım özlərini normal insan kimi hiss edə bilirlər. Çox keçmir ki, öləziyən bədənin çəkisi sanki get-gedə "azalır”, fiziki qüvvə tükənir, ayaqlar hərəkət gücünü itirir, huş qeybə çəkilir, beyin öz fəaliyyəti ilə vidalaşır və həmin şəxs normal insan düşüncəsindən məhrum olur. Narkotik maddə qəbul edən insanlar özləri də bilmədən öz immunitet sistemini iflasa uğradır, yoluxucu xəstəliklərə yoluxurlar. Narkotik maddələrin çoxu qana şprislə ötürüldüyündən və narkoman qrupları daxilində eyni iynədən istifadə edildiyindən onların müxtəlif xəstəliklərə yoluxma halları daha asanlıqla baş verir. Narkotikanın ən çox yayılmış növləri xaş-xaş, kokain, nəşə, metazon, tiryək, marixuana və heroindir. Ən geci saat yarımdan sonra tədricən öz təsirini göstərməyə başlayan bu narkotik maddələri bir-iki dəfə qəbul etdikdən sonra insan onlara öyrəşir, asılılıq yaranır, vaxtı çatanda qəbul etmədikdə bədəndə dəhşətli ağrılar başlayır. Hətta bəziləri narkotik maddə tapa bilmədiklərindən, ağrılara dözməyib özlərinə qəsd etmək məcburiyyətində də qalırlar. Nəşə psixi xəstəliklər yaratdığından və narkomanlarda qorxu sindromu çox olduğundan onlar daim qaçıb insanlardan uzaqlaşmağa çalışırlar. Kollecin hərbi rəhbəri deyib ki, narkotik maddə təkcə onu qəbul edən adamı məhv etmir, onun ailə üzvlərinin də sağlamlığına mənfi təsir göstərir. Onların uşaqları fiziki və psixi çatışmazlıqlarla dünyaya gəlirlər. Q.Vəliyevin sözlərinə görə, son illər kimyəvi laboratoriyalarda hazırlanan yeni sintetik narkotik maddələr meydana çıxıb ki, bu da xüsusilə təhlükəlidir. Çünki, bu növ yeni narkotik maddələr insanı asanlıqla özünə alışdırır, tezliklə arıqladır və tədricən ölüm yatağına doğru sürükləyir. Kollecin hərbi rəhbəri çıxışının sonunda tələbələri narkomaniyadan – "ağ ölüm”dən, ümumiyyətlə pis vərdişlərdən uzaq durmağa, ailələrinə, Vətəninə, xalqına layiqli övlad kimi böyüməyə, təmsil olunduğu cəmiyyətə, bütövlükdə bəşəriyyətə öz əməlləri ilə töhfə vermək amalı ilə yaşamağa səsləyib.
Bakı Şəhər Baş Səhiyyə İdarəsi Şəhər Narkoloji Dispanserinin həkimi Pərvanə Məmmədova narkomaniyanın fəsadları, narkotik aludəçilərinin müalicə proseduru, onların yenidən cəmiyyətə inteqrasiyası, normal həyat tərzinə qayıtması üçün görüləsi vacib olan işlərdən söhbət açıb.
Nərimanov Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanların işi üzrə bölmənin rəisi, polis mayoru Rüstəm Rüstəmov ölkə qanunvericiliyindən sitatlar gətirməklə, narkotik maddələrin alqı-satqısına, yaymağa görə nəzərdə tutulan cinayət məsuliyyətdən, narkomaniya və narkobizneslə mübarizə tədbirlərindən danışıb. O, narkotik asılılığı olan insanların cinayət törətməyə meyilli olmalarını, narkotik maddəni əldə etmək üçün müxtəlif yollara əl atdıqlarını diqqətə çatdırıb.
Nərimanov Rayon İcra Hakimiyyətinin Baş məsləhətçisi Kənan Babayev yeniyetmələrin hansı səbəblərdən narkotik vasitələrin istifadəçisi olmalarından danışıb. Qeyd edib ki, hər bir valideyn övladını narkotik vasitələrdən, "ağ ölüm”dən uzaq tutmaq üçün öz sevgi və diqqətini ondan əsirgəməməli, övladının ən yaxın dostuna, sirdaşına çevrilməlidir.
Tədbirdə tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb. Bununla yanaşı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hazırladığı "Sağlam ailə naminə narkotiklərə yox deyək!!!” adlı bukletlər tələbələrə paylanıb.
http://kaspi.az/az/narkomaniya-geleceksiz-heyat-mvzusunda-tedbir-kecirilib-fotolar/
https://strategiya.az/index.php?do=xeber&id=103055