Kollecin direktoru professor Nasim Abışovun rəhbərliyi ilə direktoryanı müşavirə keçirildi. İclasda gələn tədris ili ilə bağlı vacib məsələlər geniş şəkildə müzakirə olundu, təhsil müəssisəsinin qarşısında duran strateji hədəflər və prioritet vəzifələr hərtərəfli nəzərdən keçirildi.
İclas zamanı kollecin gələcək inkişaf istiqamətlərini və uzunmüddətli hədəflərini əhatə edən Strateji Fəaliyyət Planı müzakirə olundu. Qarşıdakı dövrdə əsas diqqətin yönəldiləcəyi istiqamətlər müəyyənləşdirildi:
• Tədris prosesinin keyfiyyətinin artırılması və müasir təhsil texnologiyalarının tətbiqi
• Maddi-texniki bazanın daha da gücləndirilməsi və laboratoriyaların təkmilləşdirilməsi
• Tələbələrin fərdi inkişafı, elmi və sosial fəallığının artırılması istiqamətində layihələrin genişləndirilməsi
• Pedaqoji heyətin peşəkar inkişafının və ixtisasartırma tədbirlərinin diqqətdə saxlanılması
Eyni zamanda, Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilən qəbul imtahanlarında yüksək bal toplayan tələbələrə əlavə təqaüdlərin təqdim olunması və onların həvəsləndirilməsi istiqamətində görülən tədbirlər xüsusi vurğulandı. Yeni tələbələrin planlı şəkildə qəbul olunması və onların müvafiq auditoriyalarla təmin edilməsi məsələləri ətraflı müzakirə edildi. Qəbul planının tam – 100% dolması kollektivin birgə və səmərəli fəaliyyətinin məntiqi nəticəsi kimi qiymətləndirildi və məmnuniyyətlə diqqətə çatdırıldı.
İclasın yekununda müzakirə olunan məsələlərdən irəli gələn tapşırıqlar müvafiq struktur bölmələrinə həvalə olundu və yeni tədris ilində bütün kollektivə uğurlar arzulandı.

