İyulun 3-də Sənaye və Texnologiya Kollecinin müəllimi Aynur Rzaquliyeva Azərbaycan Milli İncəsənət Muzeyində Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq, “Türk Dünyası Həftəsi” çərçivəsində keçirilən “ Əli bəy Hüseynzadə: böyük mütəfəkkir və rəssam” adlı elmi seminarda iştirak edib. Seminarda Əli bəy Hüseynzadənin rəssamlıq irsi, fəlsəfi və ictimai-siyasi baxışları, Azərbaycan dövlətçiliyinin formalaşmasındakı rolu, milli teatr sənətinin inkişafına verdiyi töhvələr, Birinci Türkoloji Qurultayın ideya-mənəvi əhəmiyyəti, eləcə də türk dünyasının ortaq mədəni irsi ilə bağlı məsələlər geniş şəkildə təhlil olunub. Daha sonra qurultayın rəyasət heyətinin fəxri üzvü olmuş görkəmli mütəfəkkir, Türk dünyasının ideoloqu, şair, tərcüməçi, pedaqoq, Əli bəy Hüseynzadənin çoxşaxəli irsinə həsr olunmuş sərginin açılış mərasimi olub. Çıxışlarda Prezident İlham Əliyevin müvafiq Sərəncamının dahi mütəfəkkirin irsinin daha geniş şəkildə öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyi qeyd edilib.











