Sənaye və Texnologiya Kollecində ekoloji maarifləndirmə və ətraf mühitin mühafizəsi məqsədilə "Yaşıl kollec" layihəsi çərçivəsində “ Təbiət fənləri” fənn birləşməsinin sədri Səidə Bayramova və tədris emalatxana müdiri Xatirə Quliyevanın təşkilatçılığı, həmçinin ECO START-UP klub üzvlərinin iştirakı ilə növbəti “Təbiətə töhfəmz” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan kollecin direktoru, professor Nasim Abışov təbiəti qorumağın hər bir fərdin mənəvi borcu olduğunu vurğulayıb, "Yaşıl dünya naminə həmrəylik" ideyasının əhəmiyyətindən bəhs etdi . O, bu cür təşəbbüslərin gənclərdə ekoloji mədəniyyətin formalaşmasında mühüm rol oynadığını bildirdi. Daha sonra "Təbiət fənləri" fəm birləşməsinin sədri Səidə Bayramova və tədris emalatxana müdiri Xatirə Quliyeva çıxış edərək, layihənin təhsil müəssisəsinin ekoloji mühitinə müsbət təsirindən və tələbələrin bu prosesdə aktiv iştirakının vacibliyindən danışdılar. Rəsmi hissədən sonra “Dekorativ tətbiqi sənət (zərgərlik)” və “Ətraf mühit” ixtisaslarında təhsil alan tələbələrin təbiətə həsr olunmuş əl işləri sərgiləndi. Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Sonra aksiya çərçivəsində kollecin əməkdaşları və tələbələrin iştirakı ilə müəssisənin həyətyanı sahəsində müxtəlif növ həmişəyaşıl ağaclar və bəzək bitkiləri əkildi və mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərildi.





















