Təlimi kollecin kimya müəllimi və kurikulum təlimçisi Könül Məmmədova həyata keçirdi. Ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın müdafiəsi və azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Təlimdə tədris işləri üzrə direktor müavini Könül Abdurrəhimova, tədris hissə müdiri Lalə Nəsibova, təbiət fənləri kafedrasının müdiri Səidə Bayramova, biologiya laboratoriyasının müdiri Günel Şükürova və kollecin müəllim heyəti iştirak etdilər.
Təlimin əsas məqsədi fəal təlim metodları ilə ənənəvi təlim metodlarını müqayisə edərək, fəal təlimin üstün cəhətlərini nümayiş etdirmək idi. Təlim zamanı müəllimlərə fəal təlimdə istifadə olunan təlim formaları, təlim üsulları, qiymətləndirmə meyarları, cari və illik planlaşdırma barədə ətraflı məlumat verildi.
Qeyd olundu ki, fəal təlim zamanı əməkdaşlıq, qruplarla və cütlərlə iş tələbələrin dərsə marağını artırır, onların yaradıcılıq qabiliyyətlərini üzə çıxarır. Qiymətləndirmə meyarları sırasında təqdimat, əməkdaşlıq, əlavə sualların cavablandırılması və digər fəaliyyətlər xüsusi vurğulandı.
Sonda təlimçi Könül Məmmədova müəllimlərin suallarını cavablandırdı. Eyni zamanda tədris işləri üzrə direktor müavini Könül Abdurrəhimova və tədris hissə müdiri Lalə Nəsibova müəllimlərə öz tövsiyyələrini verib, keçirilən təlimi yüksək qiymətləndirdilər.







