30 aprel 2026-cı il tarixində ADNSU nəzdində Sənaye və Texnologiya Kollecində fəaliyyət göstərən Könüllülük və Sosial İnkişaf Klubunun üzvü olan tələbələr üçün Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) ekskursiya təşkil olunmuşdur.
Ekskursiyanın əsas məqsədi tələbələrin iqtisadiyyat və maliyyə sahəsinə marağının artırılması, ali təhsil mühiti ilə yaxından tanışlıqlarının təmin edilməsi və gələcək peşə seçimlərinə istiqamət verilməsi olmuşdur.Tədbir çərçivəsində tələbələr universitetin auditoriyaları, tədris mühiti və fakültə fəaliyyəti ilə tanış olmuş, maliyyə və iqtisadiyyat sahəsində müasir tələblər, bu istiqamətdə tələb olunan bilik və bacarıqlar barədə ətraflı məlumat əldə etmişlər. Eyni zamanda tələbələr UNEC-in 7/24 fəaliyyət göstərən müasir kitabxanası ilə tanış olmuş, burada yaradılan rahat oxu mühiti, elektron resurslar və tələbələr üçün təqdim olunan imkanlar barədə məlumatlandırılmışlar.
Ekskursiya zamanı tələbələr Azərbaycanın sabiq maliyyə naziri, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və maliyyə institutları kafedrasının müdiri Əvəz Ələkbərov və Maliyyə və mühasibat fakültəsinin dekanı, i.e.n., dos. Hafis Hacıyev ilə görüşdə iştirak etmişlər. Görüş zamanı tələbələrə maliyyə sahəsinin perspektivləri, peşəkar inkişaf yolları, həmçinin bu sahədə uğur qazanmaq üçün vacib olan keyfiyyətlər barədə geniş məlumat verilmiş, onların sualları cavablandırılmışdır.
Ekskursiya Könüllülük və Sosial İnkişaf Klubunun kuratoru, Azərbaycan dili və ədəbiyyat müəllimi Pərvanə Məmmədovanın rəhbərliyi ilə yüksək səviyyədə təşkil edilmişdir. Onun təşəbbüsü ilə tələbələr ali təhsil mühitini yaxından müşahidə etmək və real təcrübə əldə etmək imkanı qazanmışlar.
Səfər tələbələrin dünyagörüşünün genişlənməsinə, onların peşəkar inkişafına və gələcək hədəflərinin müəyyənləşdirilməsinə müsbət təsir göstərmiş, iştirakçılar tərəfindən böyük maraq və məmnuniyyətlə qarşılanmışdır.












