Sənaye və Texnologiya Kollecində tələbələrin psixoloji vəziyyətinin vaxtında qiymətləndirilməsi və mümkün risk faktorlarının erkən mərhələdə müəyyənləşdirilməsi məqsədilə kollecin psixoloqu Gülnar Məstəlizadə tərəfindən qabaqlayıcı və maarifləndirici tədbir təşkil olunmuşdur. Tədbirdə tədris işləri üzrə direktor müavini Könül Abdurrəhimova və kollecin metodisti Günay Umudova çıxış etmiş, qrup rəhbərlərinin tələbələrlə iş prosesində müşahidə və məsuliyyətlərinin əhəmiyyəti barədə fikirlərini bildirmişlər. Tədbir çərçivəsində tələbələrin davranış, emosional və sosial vəziyyətlərinin sistemli şəkildə izlənilməsi üçün hazırlanmış risk meyarları cədvəli təqdim edilmişdir. Qrup rəhbərlərinə müşahidələrin düzgün aparılması, ilkin qiymətləndirmə və zəruri hallarda psixoloqa yönləndirmə ilə bağlı ətraflı təlimat verilmişdir. Tədbir zamanı psixoloq və qrup rəhbəri əməkdaşlığının əhəmiyyəti, məxfilik prinsipi, həm də tələbələrə dəstək yönümlü yanaşmanın vacibliyi xüsusi vurğulanmışdır. Bu fəaliyyətin əsas məqsədi tələbələri qiymətləndirmək deyil, onları daha yaxşı anlamaq və vaxtında dəstəkləməkdir.






