İstehsalat təcrübə rəhbəri Sevinc Qənbərova bildirir ki, P204-cü qrupunun tələbələri təcrübə rəhbəri Mirhəsənli Sevincin rəhbərliyi ilə “Azərbaycan Nəşriyyatı” MMC-nin mətbəəsində istehsalat təcrübəsini uğurla davam etdirirlər. Təcrübənin əsas məqsədi tələbələrin nəzəri biliklərini real istehsalat şəraitində möhkəmləndirmək və peşə vərdişlərinə yiyələnməsini təmin etməkdir. “Burada tələbələr çapaqədər hazırlıq, ofset və rəqəmsal çap, kağızkəsmə, qatlama, yapışdırma və cildləmə proseslərini əyani şəkildə öyrənirlər. Həmçinin müasir çap dəzgahlarının iş prinsipini, rəngayırma texnologiyasını və keyfiyyətə nəzarət mərhələlərini canlı izləyirlər”, - deyə S.Qənbərova qeyd edib. Təcrübə zamanı tələbələr mütəxəssislərin nəzarəti altında kiçik tirajlı sifarişlərin çapında, kitab və jurnalların cildlənməsində, çap məhsullarının qablaşdırılmasında bilavasitə iştirak edirlər. Onlar texniki təhlükəsizlik qaydalarına, sanitar-gigiyenik normalara və istehsalat intizamına ciddi riayət edirlər. “Azərbaycan Nəşriyyatı”nın rəhbərliyi də tələbələrin nizam-intizamını və öyrənməyə həvəsini yüksək qiymətləndirir, gələcəkdə onları işlə təmin etməkdə maraqlı olduqlarını bildirirlər.






