
ADNSU-un nəzdində Sənaye və Texnologiya Kollecikollecin müəllim və tələbə heyəti "Sosial Dəstək Paketi" layihəsi çərçivəsində Binə qəsəbəsində yerləşən "Ümid Yeri" Uşaq Sığınacağında olublar. Kollecdən "Olaylar"a bildirilib ki, həmin gün kollecin Dizayn (qrafik dizayn), Dekorativ-tətbiqi sənət (zərgərlik), Kompüter sistemləri və kompleksləri ixtisaslarında təhsil alan tələbələr uşaq sığınacağının həyətyanı divarlarında abadlıq işləri həyata keçirib və uşaqlara apardıqları hədiyyələri paylayıblar. Həmçinin layihənin həyata keçirilməsində, bu xeyirxah işdə "Gənclərin İnkişafı Klubu"nun üzvü olan tələbələr və kollecin müəllimi Günel Qurbanova da fəal iştirak edib. Həmin gün ümid dolu bir görüş "Ümid Yeri" Uşaq Sığınacağında olan uşaqların sevincinə böyük sevinc qatıb. Bu cür görüşlər bir daha onu sübut edib ki, sevgi və diqqət paylaşdıqca artır. Həm də gələcəyimiz olan uşaqların yanında olmaq, hər birimiz üçün mənəvi böyük bir dəyərdir!





