22 aprel 2026-cı il tarixində ADNSU nəzdində Sənaye və Texnologiya Kollecində fəaliyyət göstərən Könüllülük və Sosial İnkişaf Klubunun üzvü olan tələbələr üçün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə ekskursiya təşkil olunmuşdur.
Ekskursiyanın əsas məqsədi tələbələrin jurnalistika sahəsinə marağının artırılması, media və informasiya mühiti ilə yaxından tanışlıqlarının təmin edilməsi, həmçinin gələcək peşə seçimlərinə istiqamət verilməsi olmuşdur.
Tədbir çərçivəsində tələbələr fakültənin auditoriyaları, tədris studiyaları, media laboratoriyaları və praktiki dərs mühiti ilə yaxından tanış olmuşlar. Onlara jurnalistika ixtisasının xüsusiyyətləri, müasir media sahəsində tələb olunan bilik və bacarıqlar, eləcə də informasiya ilə işləmə prinsipləri barədə ətraflı məlumat verilmişdir.
Ekskursiya Könüllülük və Sosial İnkişaf Klubunun kuratoru, Azərbaycan dili və ədəbiyyat müəllimi Pərvanə Məmmədovanın rəhbərliyi ilə yüksək səviyyədə təşkil edilmişdir. Onun təşəbbüsü və istiqamətləndirilməsi ilə tələbələrə jurnalist peşəsinin etik normaları, məsuliyyəti və obyektivlik prinsipləri barədə geniş izahat verilmişdir.
Səfər tələbələrin dünyagörüşünün genişlənməsinə, onların peşəkar inkişafına və ali təhsil mühitinə daha yaxından adaptasiyasına müsbət təsir göstərmiş, iştirakçılar tərəfindən böyük maraq və məmnuniyyətlə qarşılanmışdır.










