Xəbərlər
İclası giriş sözü ilə açan tədris işləri üzrə direktor müavini Könül Əbdurrəhimova gündəlikdə duran əsas məsələləri diqqətə çatdıraraq, müəllimlərin peşəkar inkişafının təhsil müəssisəsinin strateji hədəflərindən biri olduğunu vurğulamışdır.
Beynəlxalq Sertifikatlaşdırma və Peşəkar İnkişaf
Görüş zamanı tədris hissə müdiri Lalə Nəsibova və Qeydiyyat, qiymətləndirmə və monitorinq bölməsinin müdiri Günel Dadaşova müəllimlərin növbəti tədris ili üçün hazırlıq planlarından bəhs etmişlər. Çıxışlarda qanunvericiliyin tələblərinə uyğun olaraq, müəllimlərin beynəlxalq dil sertifikatlaşdırılmasından keçməsi və müasir təlim metodologiyaları üzrə beynəlxalq proqramlarda iştirakının vacibliyi qeyd olunmuşdur.
İclasın əsas fokus nöqtələrindən biri də tədris metodologiyasında köklü dəyişikliklərin edilməsi olmuşdur. Müəllimlərə "müəllim mərkəzli" ənənəvi yanaşmadan tamamilə imtina edərək, müasir dünyanın qəbul etdiyi "tələbəyönümlü" (student-centered) təlim modelinə keçidin zəruriliyi aşılanmışdır.
Müzakirə olunan əsas istiqamətlər:
İngilis dili dərslərində interaktiv və kommunikativ metodların tətbiqi;
Beynəlxalq təlim metodlarından istifadə edərək dərslərin daha dinamik qurulması;
Müəllimlərin fərdi inkişaf planlarının beynəlxalq standartlara uyğunlaşdırılması.
Yekunda müəllimlərə növbəti tədris ilində daha yüksək peşəkarlıq nümayiş etdirmələri və müasir pedaqoji kadr kimi formalaşmaları istiqamətində lazımi metodiki tövsiyələr verilmiş, qarşıya qoyulan hədəflər müəyyənləşdirilmişdir.


