Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecinin kimya müəllimi Könül Məmmədovanın MQ-105 qrupunda Şanlı qələbəmizin 5 illiyinə həsr olunmuş nümunəvi kimya dərsi olub. Dərsdə kollecin direktoru, professor Nasim Abışov, laboratoriya müdiri Mehriban İsmayılova və müəlimlər iştirak ediblər. İlk öncə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra kollecin 3 şəhidi haqqında məlumat verilib: 1. Nurlan Etibar oğlu Ağakişiyev 2002-ci il iyulun 22-də Sumqayıt şəhərində, Qarabağ müharibəsi qazisi Etibar Ağakişiyevin ailəsində anadan olub. Vətən müharibəsi zamanı Ağdam rayonu istiqamətində baş verən döyüşlərdə şəhid olub və II Fəxri Xiyabanda dəfn edilib. 2. Rəvan Yusif oğlu Əliyev 27 may 2001-ci ildə Sumqayıt şəhərində anadan olub. Uşaqlıq və yeniyetməlik dövrü ata yurdu Qubada keçib. Rəvan dərsləri ilə yanaşı Quba şəhər incəsəsnət məktəbində fortepiano dərsi keçib. Məktəbi bitirdikdən sonra gənc Rəvan təhsilini Bakı İdarəetmə və Texnologiya kollecində davam etdirib. Vətən müharibəsi başlayanda isə Rəvan böyük ruh yüksəkliyi ilə cəbhəyə yollanıb. Ağdam və Cəbrayıl istiqamətində döyüşüb, Zəngilan rayonu ərazisində Sığırt yüksəkliyinin azad olunması zamanı düşmən pusqusundan yoldaşlarının çıxmasına şərait yaradıb, amma özü qəhrəmancasına şəhid olub. O, Quba şəhərində dəfn edilib. 3. Azər Elnur oğlu Əliyev 21 mart 2002-ci ildə Göyçay rayonu Kürdşaban kəndində anadan olub. Torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərən Azər Füzuli rayonu uğrunda döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Azər Əliyev ölümündən sonra Vətən müharibəsi və Füzuli rayonunun azad olunmasına görə medalları ilə təltif edilib. Dərs qələbəmiz haqqında məlumatla başlasa da, nəticədə, ənənəvi kimya dərsi ilə yekunlaşıb.










