Azərbaycan Respublikasının tarixi əlamətdar hadisəsi olan 8 noyabr-Zəfər günü və Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbənin 5 illiyi münasibəti ilə YAP Nərimanov rayon təşkilatının təçkilatcılıgı ilə “Zəfər səsi-Qürur günümüzdür” adlı inşa yazı müsabiqəsi kecirilib.
Keçirilən inşa müsabiqəsində ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin 4 müəllimi - Aynur Ağayeva, Aynurə Məmmədzadə , Sərqiyə Nəzərova və Səbinə Tağıyeva yazdıqları inşaları ilə kolleci təmsil ediblər.
Adları qeyd olunan müəllimləri təqdim edirik.

Aynurə Məmmədzadə,
STK-nın Azərbaycan dili və ədəbiyyat müəllimi
Zəfərin səsi – bu, təkcə top və tüfəngin gurultusu deyil. Bu səs torpağın nəfəsidir, şəhidin dua kimi göyə qalxan son kəlməsidir. Bu səs elə bir səslə yüksəldi ki, illərlə susmuş dağlar belə danışmağa başladı. O gün külək də fərqli əsirdi, çünkiazadlıq nəfəsini daşıyırdı. Səma bir az daha mavi, bayraq bir az daha uca idi. Hər azərbaycanlının qəlbində bir işıq yandı – o işıq qürurun, dirçəlişin, Vətənin işığı idi. Zəfərin səsi min illik tariximizin içindən gələn bir çağırış idi: “Qorxma, mən varam! Mən bu torpağın ruhuyam!” Və biz o səsi eşitdik… hər daşda, hər ağacda, hər uşaq baxışında. Bu səs anaların səssiz duasına, şəhid atalarının qürurlu baxışına qarışdı. O səs həm ağrı, həm də güc idi. Zəfər – sadəcə qazanılmış döyüş deyil, o, millətin yenidən doğulmasıdır. Bu zəfərin səsi təkcə bir qələbənin deyil, yüz illərlə basdırılmış ədalətin oyanışının səsidir.
Bəli, bu səs hər kəsdə fərqli səsləndi: kimində göz yaşı kimi axdı, kimində qürur kimi parladı. Amma hər bir azərbaycanlının qəlbində eyni duyğu – “Mənim Vətənim qalibdir!”- deyə çırpındı.
Zəfərin səsi bizə təkcə azad torpaqlar yox, həm də özümüzü qaytardı. Biz bir xalq olaraq kimliyimizi, inamımızı, ruhumuzu yenidən qazandıq. İllərlə susmuş xarıbülbül yenidən açdı, Kəlbəcərin bulaqları yenidən danışdı, Şuşanın sükutu qürur nəğməsinə çevrildi. Bu zəfərin səsi tarix kitablarında yox, xalqın yaddaşında yaşayacaq. Çünki o səs birləşmiş millətin, şəhidlərimizin ruhunun, Vətənin dualarının harmoniyasıdır. Zəfərin səsi – gələcək nəsillərə ünvanlanan bir mirasdır. Bu səs bizim tariximizə yeni bir səhifə yazdı. O səhifədə qəhrəman əsgərlərimizin qanı, analarımızın göz yaşı, xalqımızın birliyi ilə yoğrulmuş qürur dayanır. Bu səs təkcə qələbə günü deyil, hər gün, hər an yaşadığımız bir hissdir. Bu millətin ruhudur, bu xalqın kimliyidir, bu torpağın həqiqətidir.
Biz o səsi qoruyacaq, onu gələcək nəsillərə qürurla və minnətdarlıqla ötürəcəyik.

Aynur Ağayeva,
STK-nın tarix müəllimi
Hər millətin tarixində elə günlər olur ki, o günlər zamanın tozuna bürünmür, nəsildən-nəslə ötürülən qürur mənbəyinə çevrilir. Azərbaycan xalqı üçün belə müqəddəs tarix “8 Noyabr – Zəfər Günü”-dür. Bu gün təkcə bir qələbənin deyil, xalq iradəsinin, Vətən sevgisinin və milli birliyin təntənəsidir.
8 Noyabr xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan şanlı gündür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi ilə 30 illik işğala 44 gündə son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu. Azərbaycan qalib ölkəyə, Azərbaycan xalqı qalib xalqa çevrildi. Bu möhtəşəm Qələbə, eyni zamanda, Azərbaycanın hərbi və iqtisadi gücünü dünyaya nümayiş etdirdi.
44 günlük Vətən müharibəsi illərlə həsrət qaldığımız torpaqları azad etdi, ədaləti bərpa etdi, millətimizin gücünü bütün dünyaya göstərdi. O günlərdə Azərbaycan xalqı bir yumruq kimi birləşdi – cəbhədə vuruşan əsgər, dua edən ana, yardım göndərən gənc, təmkinlə çalışan həkim və müəllim – hamı bir məqsədə xidmət edirdi: Vətəni azad görmək!
“Məğlubedilməz erməni ordusu” mifini dağıdan, döyüş meydanında düşmənə hərb və kişilik dərsi keçən şəhid və qazilərimiz tariximizin şanlı səhifələrinə və xalqın yaddaşına əbədi həkk olundu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu Qələbə yalnız Azərbaycan Silahlı Qüvvələrinin deyil, bütün xalqımızın Zəfəri idi.
Qarabağın dağlarında səslənən hər güllə, hər əsgər nidası, hər bayraq dalğası Zəfərin səsinə çevrildi. Bu səs qəlbləri titrətdi, gözlərə yaş, üzlərə təbəssüm gətirdi. O səs bizim tariximizi, şəhidlərimizin ruhunu, qazilərimizin qürurunu daşıyır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə noyabrın 8-i ölkəmizdə “Zəfər Günü” elan edildi. “Zəfər Günü” Azərbaycan xalqının tarixinin ən qürurlu, fəxarətli günüdür.
Bəli, 2020-ci ilin 8 noyabr tarixi - Şuşanın işğaldan azad edildiyi gün bütün Azərbaycan xalqı üçün Zəfər günü kimi günü yadda qaldı. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər ordumuzun şücaəti, qəhrəmanlığı, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq.
30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə də misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaqdır.
Şuşanın azad edilməsi ilə millətin ürəyinə günəş doğdu. O gün sanki min illərin ağrısı çəkildi, gözlərdə sevinc, dodaqlarda fəxarət vardı. "Qarabağ Azərbaycandır!" – bu söz artıq təkcə bir şüar deyil, xalqın möhtəşəm iradəsinin simvoludur.
Bu gün “Zəfər Günü” bizə bir daha xatırladır: azadlıq əmanətdir, qələbə məsuliyyətdir. Şəhidlərin qanı ilə yoğrulan bu torpağı sevmək, onu qorumaq hər bir azərbaycanlının müqəddəs borcudur.
Zəfərin səsi bu gün də Qarabağ dağlarından, Xarıbülbülün ətirindən, dalğalanan üçrəngli bayrağımızdan gəlir. Bu səs bizi birliyə çağırır, güc verir, gələcəyə inam bəxş edir. Və biz qürurla deyirik: Bu səs – Azərbaycan xalqının səsidir, bu qürur – bizim qürurumuzdur! Yaşasın Azərbaycan! Yaşasın Zəfərimiz! “Qarabağ bizimdir!”, “Qarabağ Azərbaycandır!”

Səriyyə Nəzərova,
STK-nın Azərbaycan dili və ədəbiyyat müəllimi
Zəfər… Bu sözü heç bir cümlədə işlətməsək də, necə də mənalı, gözəl səslənir. Əslində, zəfər bir adamın deyil, bir xalqın uğuru, zəhmətidir. Biz bunun ən gözəl nümunəsini 44 günlük müharibədə gördük. O zəfərdir ki, Azərbaycan xalqı 30 il həsrətlə gözləmişdi. Bu o zəfərdir ki, xalqımızın gecəsi-gündüzü yalnız bu günü gözləməklə keçmişdi.
Doğrudur, təhsildə, musiqidə, idmanda və başqa sahələrdə biz çox zəfər qazanmışıq.Amma bu 2020-ci ilin 44 gününün sonunda qazandığımız zəfər onların hamısından ən gözəli, ən mənalısı, ən böyüyüdür. Əlbəttə, biz heç vaxt unuda bilmərik ki, qalibiyyət elə-belə başa gəlmir. Bunun üçün çox səbir, inam lazımdır. Şərəfli günü bizə yaşadan, qəhrəmanlarımız tarixə bir unudulmaz iz buraxdılar.
Adətən, silahsız-sursatsız hansısa düşmənin üstünə hücum etməyi biz xarici filmlərdə görmüşük. Bunu dildə demək asan görünsə də, içimizin necə sızıldadığını bizdən başqa heç kim bilməz. Heç kim bilməz ki, əfsanəvi qəhrəmanlarımız ürəklərində hansı hisslərlə üzü düşmənə doğru hərəkət ediblər. Hamısının bir məqsədi vardı: Torpaqları geri almaq, başda generalımız Polad Həşimov olmaqla, həm 1-ci, həm də 2-ci Qarabağ müharibəsi şəhidlərinin intiqamını almaq, onların qanını yerdə qoymamaq.
Və budur…Prezidentimiz İlham Əliyevin dediyi kimi “Qarabağ Azərbaycandır!”şüarı artıq uşaqdan-böyüyə hər kəsin dilində əzbərdir. İgidlərimiz bu müharibədə bir yumruq kimi birləşdilər və bizə bu zəfəri yaşatdılar.
Mənim dayım Mehman Bağırov və əmim Nəzərov Mikayıl da çox təəssüf ki, 1-ci Qarabağ müharibəsinin qurbanı olublar. Amma artıq onlar kimi bütün şəhidlərimizin də ruhu şaddır.Çünki zəfər bizimdir.
Qarabağ Azərbaycandır!.
Səbinə Tağıyeva ,
STK-nın Azərbaycan dili və ədəbiyyat müəllimi
Azərbaycan tarix boyu əldə etdiyi uğurlar və qazanclarla öz adını qürurla tarixin səhifələrinə həkk etmişdir. 8 noyabr – Zəfər Günü də məhz bu cür əziz və əlamətdar günlərdəndir. Bu gün, hər bir azərbaycanlının qəlbində illərlə daşıdığı həsrətin vüsala çatdığı gündür. Xalqımızın qəlbində daima yaşatdığı, heç vaxt sönməyə icazə vermədiyi vətən sevgisi, 8 noyabrı tarixlərdən silinməyəcək, əvəzolunmaz günə çevirmişdir. Emosional duyğularımızı və düşüncələrimizi bir qələmə sığdıra bilməyəcəyimiz, yaddaşlara möhürünü vurmuş, eyni zamanda məğrur imza atmış bu qələbə, bizdən sonrakı nəsillərə, tarixi səhifələrdən çıxış edərək ürəklərə, təmənnasız köçürüləcəkdir.
8 noyabr – Zəfər günü, Azərbaycanın suverenliyinin tam şəkildə bərpa olunmasının simvoludur. Bu gün həm də siyasi əlaqələrin bərpası və gücləndirilməsi, geosiyasi reallıqların formalaşması və beynəlxalq nüfuzun artması ilə əlaqədardır. Xalqımızın bir amal uğrunda birləşdiyi zaman göstərdiyi şücaət də, bu günün əhəmiyyətini daha da artırır. Tarix boyu çox saylı sınaqlardan keçmiş Azərbaycan xalqı, öz torpaqlarına, milli-mənəvi dəyərlərinə və ədalətə olan inamını itirməyib; haqq yolunda sarsılmaziradəsini bütün dünyaya nümayiş etdirmişdir.
2020-ci il, 27 sentyabrda başlayan və fasiləsiz 44 gün davam edən İkinci Qarabağ müharibəsi, bu inamın və ruhun təntənəsi oldu. Ardı kəsilməz hücum və müdafiələr nəticəsində əldə olunanuğurlar, işğaldan azad olunan torpaqların hər yeni günü xalqımızda həm qorxu, həm hüzn, həm də qürur hissi oyadırdı. Cəbhədə atılan hər güllə səsi, qulaqlarımızda azadlığın nişanəsi kimi səslənirdi. O səs ki, illərdir içimizdə susmuş ümidin oyanışı idi.



