ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində 27 sentyabr-Anım Günü qeyd edilib. Tədbirdə kollecin tədris işləri üzrə direktor müavini Könül Abdurrəhimova, tədris hissə müdiri Təranə Məmmədova, inzibati təsərrüfat işləri üzrə direktor müavini Asəf Məmmədov, şöbə müdirləri, humanitar kafedrasının müdiri Vüsalə Əbdürrəhimova, müəllim və tələbələr iştirak ediblər. Tədbir iştirakçıları II Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərini, bütün şəhidlərini dərin ehtiramla yad ediblər.
Bildiriblər ki, 27 sentyabr doğma torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin sərhədlərini təxribatlardan qurtarmaq, iradəmizin güclü təməli, Qarabağda erməni hökmranlığını başa çatdıracaq hərbi-siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü kəskinliklə dediyi şərəfli bir tarixdir !
Eyni zamanda 27 sentyabr uzaq keçmişdən başlayan ədalətsiz tarixi prosesi dəyişdi. 2020-ci il təqvimin bu günü Azərbaycana qarşı uzun illər davam edən düşmənçilik və etnik dözümsüzlük siyasətinin yerinə haqlı davamızın gözəl nəticələrini-torpaqlarımızın işğaldan qurtarılması, o minbit torpaqlara əsl sahiblərinin əbədi qaytarılması, bölgədə böyük siyasi-iqtisadi proseslərin, çoxtərəfli regional əməkdaşlığın başlayacağı gerçəyini qoydu.
Anım günündə xüsusi olaraq Şuşa zəfərinə toxunulub. Şuşanın azad olunmasının müharibənin taleyini dəyişən ən vacib hadisə olduğu qeyd edilib. Bildirilib ki, Şuşa zəfəri həm hərbi baxımdan, həm də mənəvi cəhətdən böyük əhəmiyyət daşıyıb və bu qələbə Azərbaycanın sonrakı uğurlarına böyük yol açıb.
Tədbirin sonunda 2023-cü ildə keçirilən lokal antiterror əməliyyatından danışılıb. Bu əməliyyat nəticəsində Qarabağda qalan separatçı rejimin ləğv edildiyi və Azərbaycanın suverenliyinin tam təmin olunduğu bildirilib.
Tədbir diskussiya şəklində başa çatıb.
