ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində 15 sentyabr “Bilik günü” qeyd olundu. Bu münasibətlə təşkil edilmiş mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Kollecin direktoru, fəlsəfə doktoru Faiq Şahbazlı tələbə və müəllim kollektivini, həmçinin valideynləri “Bilik günü” münasibətilə təbrik etdi. Bildirdi ki, kollecin tələbəsi adını qazanan gənclər bu gündən etibarən çox uğurlu bir yola qədəm qoyurlar. Direktor bu yolda tələbələrə müvəffəqiyyətlər arzuladı. Qeyd etdi ki, kollecin müəllim kollektivi tələbələrin öz ixtisasını mənimsəməsi, peşəkar kadr kimi yetişməsi üçün üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəklər.
F.Şahbazlı tələbələri öz dərslərinə ciddi hazırlaşmağı, davamiyyətə hər zaman fikir verməyi, qayda-qanunlara və nizam-intizama riayət etməyi bir daha tövsiyə etdi.
Tədris işləri üzrə direktor müavini Könül Abdurrahmanova müəllim və tələbə adını yeni qazanan gəncləri təbrik etdi. Qeyd etdi ki, STK-da günün tələbləri səviyyəsində şəffaf və demokratik abu-havada tədris və “Bilik yarışı” tələbələri gözləyir. O, bu bilik yarışmasında hər kəsə uğurlar arzuladı.
Tədbirdə digər çıxışlar da oldu.
Sonda valideynləri maraqlandiran suallar rəhbərlik tərəfindən cavablandırıldı.