Dekabrın 11-də ADNSU - nun nəzdində Sənaye və Texnologiya Kollecində
psixoloq Gülnar Məstəliyevanın rəhbərliyi altında tələbələrlə birlikdə maarifləndirici seminar keçirilib. Seminarda yeniyetmələr arasında intihar və məişət zorakılığı hallarının qarşısının alınması kimi aktual məsələlər müzakirə edilib. Həm də tələbələrin asudə vaxtlarının səmərəli təşkili istiqamətində söhbət aparılıb.
Qeyd edilib ki, son zamanlar intihar mövzusu ən aktual mövzulardan biridir. Ən təhlükəlisi odur ki, intihar halları daha çox uşaq və yeniyetmələr arasında olur. Bu dövrdə onlar baş verən hər hansı çətinliklə üzləşən zaman problemdən çıxış yolunu tapa bilmədikləri üçün belə hallara əl atırlar.
Bir də məişət zorakılığı geniş yayılmış və bəzən faciəvi nəticələrə səbəb olan zərərli həyati situasiyadır. Bu cür halların qarşısının alınması üçün maarifləndirmə işinin gücləndirilməsi dövlətimizin daxili siyasətində ən mühüm prioritetlərdən biridir.
Gənclərin asudə vaxtlarının təşkil olunması dövləti ciddi düşündürən ən vacib bir məsələdir. Bəzən asudə vaxtdan səmərəsiz istifadə müxtəlif mənfi fəsadlara gətirib çıxara bilər. Bu səbəbdən gəncləri öz asudə vaxtlarını məzmunlu keçirmək barədə məlumatlandırmaq, təhsil müəssisələrində və iş yerlərində bu işi yüksək səviyyədə təşkil etmək çox vacibdir.
