
Bu gün – 18 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 33-cü ili tamam olur.
Məlum olduğu kimi, 1991-ci il oktyabrın 18-də Ali Sovetdə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edilib.
“Konstitusiya Aktı”nda 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.
Dövlət müstəqilliyinin bərpa edilməsi haqqında “Konstitusiya Aktı”nın qəbulundan sonra
Dövlət rəmzlərinin bərpası ilə bağlı müvafiq qərarlar qəbul edildi.
Üçrəngli bayraq. 1990-cı ilin noyabrın 29-da “Azərbaycan SSR-in adının və dövlət bayrağının dəyişdirilməsi haqqında” fərman verildi. 1991-ci ilin fevralın 5-də Üçrəngli bayraq qanunvericilik orqanı tərəfindən təsdiqləndi.
Himn. Müəllifləri Ü.Hacıbəyli və Əhməd Cavad olan Dövlət Himnimiz Azərbaycan Milli Məclisinin 1992-ci il 27 may tarixli qərarı ilə qəbul edildi. 1993-cü ilin mayın 2-də Dövlət Himni haqqında Əsasnamə təsdiq olundu.
Dövlət gerbi. 1993-cü ilin 19 yanvar tarixli Konstitusiya qanunu ilə Dövlət gerbi rəngli və ağ-qara təsviri, fevralın 23-də isə Əsasnaməsi təsdiq edildi.
Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqləndi.
Qanunun təsdiqlənməsi ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edildi.
Qeyd edək ki, Azərbaycanda Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd olunan iş günüdür.