office@stk.edu.az
(+994 12) 567-78-59

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

Faiq Şahbazlı: Sənaye və Texnologiya Kolleci zəmanənin tələblərinə uyğun müstəqil və yaradıcı düşünən vətəndaş - şəxsiyyət yetişdirən tədris müəssisəsi kimi uğurla addımlayır

ADNSU nəzdində Sənaye və Texnologiya Kollecinin direktoru, dosent Faiq Şahbazlı - Bu gün ölkədə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilimizə yüksək diqqət və qayğısı var. Son illər yüzlərlə məktəb həm dövlət büdcəsi vəsaiti hesabına, həm də Heydər Əliyev Fondu tərəfindən yüksək səviyyədə təmir və bərpa olunub, yeni STEAM, uşaq-yaradıcılıq mərkəzləri yaradılıb.

Azərbaycan bütün istiqamətlərdə sürətli inkişaf yolunda inamla irəliləyir. Təbii ki, hər bir inkişafın təməlində insan kapitalı, onun əsasında isə təhsil dayanır. Çünki hər bir dövlətin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Təhsil sahəsində önəmli islahatlar həyata keçirilir. Bu gün ölkəmizdə təhsilin daha da inkişafı üçün xeyli sayda dövlət proqramı icra olunur. Həyata keçirilən dövlət proqramları çərçivəsində təhsil təyinatlı yeni binalar inşa edilir, ümumi təhsil müəssisələrinin binaları əsaslı təmir olunur. Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişlənib, bütövlükdə təhsilin infrastrukturu müasirləşib.

Hazırda ölkəmizdə ən müasir standartlara cavab verən təhsil müəssisələrinin yaradılması istiqamətində işlər davam etdirilir. Hətta son üç ildə pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, bu məsələ diqqətdən kənarda qalmadı. “Görülən işlər bir daha təsdiqləyir ki, ölkəmizdə təhsilin və elmin inkişafı prioritet istiqamətlərindəndir. 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun şücaəti, xalqımızın həmrəyliyi sayəsində Zəfərlə başa çatdı. İşğaldan azad olunmuş torpaqlarımızda bu gün sürətli bərpa və quruculuq işləri aparılır. Bu quruculuq işləri təhsildən də yan keçmir. Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. İnanıram ki, bu istiqamətdə qarşıya qoyulan hədəflərə uğurla çatacağıq”.

ADNSU nəzdində Sənaye və Texnologiya Kollecinin direktoru, dosent Faiq Şahbazlı qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Faiq Şahbazlının diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Faiq Şahbazlı səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, ADNSU nəzdində Sənaye və Texnologiya Kollecinin direktoru, dosent Faiq Şahbazlıya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində Sənaye və Texnologiya Kollecinin təhsil sistemində xüsusi yeri var.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2020-ci il 250 nömrəli qərarına əsasən Bakı İdarəetmə və Texnologiya Kolleci ADNSU-nun nəzdində publik hüquqi şəxs statusuna malik olan Sənaye və Texnologiya Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir.

Keçmiş Bakı İdarəetmə və Texnologiya Kolleci Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli 145 nömrəli qərarına müvafiq olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14 sentyabr 1999-cu il tarixli 694 nömrəli əmrinə əsasən, 1955-1956-cı illərdən fəaliyyət göstərən Bakı Yerli Sənaye Texnoloji və Bakı Yüngül Sənaye Texnikumlarının bazası əsasında yaradılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Orta ixtisas təhsili müəssisələri şəbəkəsinin təkmilləşdirilməsi haqqında” 26.08.2002-ci il tarixli, 140 nömrəli qərarına əsasən Bakı İnşaat və Bakı Kommersiya texnikumları ləğv edilərək Təhsil Nazirliyinin 02.09.2002-ci il tarixli, 885 nömrəli əmri ilə Bakı İdarəetmə və Texnologiya Kollecinə birləşdirilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 fevral tarixli qərarı və Təhsil Nazirliyinin 4 mart 2016-cı il tarixli 130 nömrəli əmri əsasında Bakı Kompüter Kollecinin fəaliyyətinə xitam verilərək Bakı İdarəetmə və Texnologiya Kollecinə birləşdirilmişdir.
 


Kollec öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununu, mövcud qanunvericiliyə uyğun "Orta İxtisas təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"ni, Nazirlər Kabinetinin digər qərar və sərəncamlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrlərini, kollegiyasının qərarlarını, ADNSU-nun nizamnaməsini və öz nizamnaməsini rəhbər tutur.

Kollec orta ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsidir.

ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində təhsil dövlət hesabına və ödənişli əsaslarla, azərbaycan və rus dillərində tədris olunur.

Azərbaycan Respublikasında qüvvədə olan mövcud qanunvericiliyə görə kollecdə əyani forma üzrə normativ təhsil müddəti ümumi orta təhsil bazasından qəbul olunanlar üçün 3 il, tam orta təhsil bazasından qəbul olunanlar üçün isə 2 il nəzərdə tutulmuşdur.

Qiyabi forma üzrə təhsil müddəti 3 ildir. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir.

Orta ixtisas təhsili pilləsinin proqramlarını başa vurmuş və kollecin yekun dövlət attestasiyasından keçmiş tələbələrə orta ixtisas təhsili müəssisəsini bitirmələri barədə mövcud qanunvericiliyə uyğun olaraq dövlət nümunəvi sənədi-diplom verilir. Kolleci bitirən məzunlara "Subbakalavr” ixtisas dərəcəsi verilir.

Kollecə tələbə qəbulu DİM tərəfindən müəyyən edilmiş qaydalara əsasən həyata keçirilir.

Hazırda Sənaye və Texnologiya Kollecində 6 əyani və 1 qiyabi şöbədə aşağıdakı ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir:

1. 040202 Kargüzarlıq və arxiv işi
2. 040305 Dekorativ-tətbiqi sənət (zərgərlik)
3. 040306 Dizayn (qrafik dizayn)
4. 040402 Bələdiyyə işi
5. 040406 Mühasibat uçotu
6. 040503 Avtomatlaşdırılmış idarəetmə sistemlərinin istismarı
7. 040518 Ətraf mühitin mühafizəsi və bərpası
8. 040525 İstehlak mallarının ekspertizası
9. 040529 Kompüter sistemləri və kompleksləri
10. 040530 Kompüter sistemlərində proqram təminatı
11. 040531 Kompüter sistemlərinin təmiri və servisi
12. 040532 Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı
13. 040533 Kompüter şəbəkəsi avadanlıqlarının təmiri və servisi
14. 040555 Poliqrafiya istehsalatının texnologiyası
15. 040558 Sənaye avadanlıqlarının quraşdırılması və texniki istismarı
16. 040567 Telekommunikasiya və kompüter sistemlərinin informasiya təhlükəsizliyi
17. 040570 Tikiş məmulatlarının və trikotaj istehsalı texnologiyası
18. 040716 Turizm bələdçiliyi
19. 040717 Turizm işinin təşkili


Kollecdə tədris, metodiki və pedoqoji işlərin həyata keçirilməsi üçün beş kafedra (fənn birləşməsi) fəaliyyət göstərir: “Dillər” ; “Hümanitar"; “İqtisadiyyat”; “Təbiət fənləri”; “Kompüter texnologiyası”.

Kollecdə pedaqoji heyətin gücləndirilməsinə, ixtisasartırma və kadrların yenidən hazırlanmasına xüsusi diqqət yetirilir. Tədris prosesində fəaliyyət göstərənlərin 9 nəfəri fəlsəfə doktorudur. Kollecdə görülən mühüm işlərdən biri istedadlı müəllimlərin doktoranturaya cəlb olunmasıdır. Yalnız son üç ildə 9 nəfər müəllim doktoranturaya qəbul olunmuşdur.

ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində tədrisin təkmilləşdirilməsi, onun elm və istehsalatla əlaqələrinin möhkəmləndirilməsi prosesi daim diqqət mərkəzində saxlanılır.

Kollecdə təlim prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə edilməsi, İKT-nin təhsil sisteminə inteqrasiyası ilə bağlı işin yüksək səviyyədə və peşəkarlıqla qurulması, tələbə və müəllim kollektivi arasında işgüzar və demokratik mühitin yaradılması təlim keyfiyyətinin yüksəldilməsində böyük rol oynayır.

Son üç ildə maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində əsaslı işlər aparılmış, kollecin kompüter zalları laboratoriyalar, müasir kompüterlər, planşetlər, proyektorlar və elektron lövhələrlə təmin edilmiş, müəllim və tələbə heyətinin internet şəbəkəsindən istifadəsi tam təmin olunmuşdur.

Geniş akt zalı, əsaslı təmir edilmiş yeməkxana, kompüterlərlə və müasir e-resurslarla, e-dərslik, dərs vəsaiti, tədris və tədris-metodiki ədəbiyyatlarla təchiz olunmuş kitabxana, böyük idman zalı, həmçinin nəşriyyat müəllim və tələbələrə xidmət edir.

Bu günün tələbəsi sabahın mütəxəssisidir. Tələbələr nəzəri bilikləri öyrənməklə yanaşı, müvafiq sahə müəssisələrində keyfiyyətli təcrübə keçərək peşə vərdişlərinə yiyələnirlər. Yetkin mütəxəssis kimi formalaşmaq üçün yaxşı təcrübi biliklərə və peşə vərdişlərinə yiyələnmək baxımdan tədris təcrübələrinin keçirilməsinə xüsusi diqqət yetirilir. Tələbələrin istehsalat təcrübələrinin vaxtında və problemsiz keçirilməsi tam təmin olunur.

Kollecdə gəncləri müstəqil Azərbaycan dövlətinin vətəndaşı kimi hazırlamaq, onların vətənə, xalqa, dövlətə, onun tarixinə və milli adət-ənənələrinə hörmət ruhunda tərbiyə edilmələrinə nail olmaqdan ötrü pedaqoji kollektiv mövcud imkan və potensialdan daim səmərəli istifadə edir.

44 günlük müqəddəs Vətən müharibəsinin qurbanları sırasında kollecin tələbələri və məzunları da olmuşdur: Kollecin şəhid olan tələbə və məzunları, həmçinin hazırda hərbi xidmətdə olan tələbələrimiz Vətən müharibəsindəki cəsur iştiraklarına görə müxtəlif medallar ilə təltif edilmişdir. Kollecin şəhid olan tələbə və məzunlarının adlarının əbədiləşdirilməsi məqsədilə fotostend yaradılmış, şəhidlərimiz haqqında kitablar dərc olunmuşdur və bu iş davam etdirilməkdədir. Bunlar, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında xüsusi əhəmiyyət daşıyır.

Şəhid ailələri ilə mütəmadi əlaqə saxlanılır.

Sənaye və Texnologiya Kolleci XXI əsrin tələblərinə uyğun müstəqil və yaradıcı düşünən vətəndaş - şəxsiyyət yetişdirən tədris müəssisəsi kimi uğurla addımlayır.

https://berdetv.info/1048-faiq-ahbazl-snaye-v-texnologiya-kolleci-zmannin-tlblrin-uyun-mustqil-v-yaradc-duunn-vtnda-xsiyyt-yetidirn-tdris-mussissi-kimi-uurla-addmlayr.html

 


26.08.2023