Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində Sənaye və Texnologiya Kollecində Tələbə Gənclər Təşkilatı (TGT) və klubların birgə təşkilatçılığı ilə Zəfər həftəsinin açılış tədbiri keçirilib.
Tədbirin açılışında TGT sədri Zəhra Nurlu və TGT sədrinin ümumi işlər üzrə müavini Böyükxanım Kərimova çıxış edərək Zəfər həftəsinin əhəmiyyəti və qarşıda nəzərdə tutulan fəaliyyətlər barədə məlumat veriblər.
Daha sonra Zəfər Gününün tarixi əhəmiyyətinə, xalqımızın qəhrəmanlıq salnaməsinə və milli-mənəvi dəyərlərimizə həsr olunmuş seminar keçirilib.
Seminarda Qeydiyyat, qiymətləndirmə və monitorinq bölməsinin müdiri Günel Dadaşova, Dillər kafedrasının müdiri Aynur Rzaquliyeva, mütəxəssis Aytən Nağıyeva və Mədəniyyət və İncəsənət Klubunun sədri Rövnəq Mirzəxanlı çıxış edərək Zəfər Gününün tarixi əhəmiyyəti, milli birlik və vətənpərvərlik dəyərləri ilə bağlı fikirlərini iştirakçılarla bölüşüblər.
Seminar zamanı tələbələr və klub sədrləri də müzakirələrə qoşularaq Zəfər Gününün tarixi əhəmiyyəti və milli-mənəvi dəyərlərimiz barədə fikirlərini ifadə ediblər.
Zəfər həftəsi çərçivəsində tarixi yaddaşımızın qorunmasına, milli-mənəvi dəyərlərimizin yaşadılmasına və vətənpərvərlik hissinin gücləndirilməsinə yönəlmiş tədbirlər davam etdiriləcək.
Zəfərimiz qürurumuzun, tariximizin və birliyimizin təcəssümüdür!





