Sənaye və Texnologiya Kollecinin psixoloqu Gülnar Məstəlizadə qrup rəhbərləri ilə maarifləndirici görüş keçirib. Görüşdə tələbələrin psixoloji sağlamlığının qorunması, emosional və davranış çətinliklərinin vaxtında müəyyənləşdirilməsi, eləcə də psixoloq və qrup rəhbərlərinin birgə fəaliyyətinin əhəmiyyəti müzakirə olunub.
Vurğulanıb ki, psixoloji sağlamlıq tələbənin təhsil mühitinə uyğunlaşmasına, öyrənmə prosesinə, ünsiyyətinə və şəxsi inkişafına təsir edən əsas amillərdəndir. Tələbənin davranışını düzgün anlamaq, fərdi ehtiyaclarını nəzərə almaq və vaxtında psixoloji dəstəyə yönləndirmək sağlam təhsil mühitinin formalaşmasında mühüm rol oynayır.
Görüş zamanı qrup rəhbərlərinə tələbələrin hansı hallarda psixoloqa yönləndirilməli olduğunu əks etdirən yaddaş vərəqləri təqdim edilib. Gündəlik müşahidələrin əhəmiyyəti, tələbə ilə etimada əsaslanan ünsiyyət və məlumat paylaşımında məxfiliyin qorunması diqqətə çatdırılıb.
Görüş tələbələrə dəstəyin ardıcıl və əlaqələndirilmiş şəkildə təşkilinə, psixoloji xidmətlə qrup rəhbərləri arasında əməkdaşlığın gücləndirilməsinə yönəlib.


