Xəbərlər
Tədbir əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
“Dillər” fənn birləşmə komissiyasının sədri, Mədəniyyət və İncəsənət Klubunun kuratoru Aynur Rzaquliyeva dəyirmi masa iştirakçılarını salamlayaraq, tədbirə qatılan şəhid ailələrinə və müharibə iştirakçısı tələbələrə təşəkkürünü bildirib. O, belə görüşlərin tələbələrin tarixi hadisələr barədə məlumatlandırılması və onların fəal vətəndaş mövqeyinin formalaşması baxımından əhəmiyyətini qeyd edib.
Daha sonra 27 Sentyabr – Anım Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Dəyirmi masada çıxış edən kollecin Tərbiyə işləri üzrə direktor müavini Asəf Məmmədov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 27 sentyabrın doğma torpaqlarımız uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsinə ehtiram əlaməti olaraq Anım Günü kimi qeyd edildiyini bildirib.
Asəf Məmmədov tarixi Zəfərin Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və prinsipial mövqeyi, eləcə də Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində əldə edildiyini vurğulayıb. O, Vətən müharibəsində ordumuzun göstərdiyi şücaət, şəhidlərimizin canı və qanı, qazilərimizin qəhrəmanlığı, xalqımızın sarsılmaz birliyi və həmrəyliyi sayəsində tarixi Zəfərin qazanıldığını qeyd edib.
Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatları nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunduğu diqqətə çatdırılıb. Dövlət başçısının Vətən müharibəsi zamanı və müharibədən sonrakı dövrdə xarici media nümayəndələrinə verdiyi müsahibələrin Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığı bildirilib.
Həmçinin kollecin Vətən müharibəsində şəhid olmuş tələbələri – Ağakişiyev Nurlan Etibar oğlu, Əliyev Rəvan Yusif oğlu və Əliyev Azər Elnur oğlunun əziz xatirəsi xüsusi ehtiramla yad edilib. Onların həyat və döyüş yolu haqqında məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Şəhid tələbələrin valideynləri övladları ilə bağlı xatirələrini bölüşərək onların vətənpərvərliyindən, yüksək mənəvi keyfiyyətlərindən, mərdliyindən və Vətənə olan sonsuz sevgisindən söz açıblar. Onlar övladlarının gələcəklə bağlı arzularından, böyük hədəflərindən və həyata keçirmək istədikləri planlarından danışaraq, bu arzuların Vətən uğrunda göstərdikləri qəhrəmanlıqla yarımçıq qaldığını bildiriblər.
Kollecin şöbə müdirləri, Həmkarlar İttifaqının sədri və müəllimlər çıxış ediblər. Çıxışlarda 27 Sentyabr – Anım Gününün xalqımız üçün tarixi və mənəvi əhəmiyyəti, bu tarixin sevinc və kədər hisslərini özündə birləşdirməsi, şəhidlərin xatirəsinin ehtiramla yad edilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda, müharibəyə səbəb olan amillər, xalqımızın doğma torpaqlarının işğalı ilə heç vaxt barışmaması, ərazi bütövlüyümüzün bərpası uğrunda apardığı mübarizə barədə fikirlər səsləndirilib. Şəhidlərin qəhrəmanlıq və döyüş yolunun gənc nəsil üçün mühüm vətənpərvərlik nümunəsi olduğu qeyd edilərək, onların həyat və mübarizəsinin tələbələrə çatdırılmasının əhəmiyyəti vurğulanıb.
Tədbir zamanı kollecin tələbəsi Rövnəq Mirzəxanlı özünün qələmə aldığı “Şəhid məzarı” şeirini səsləndirib.
Dəyirmi masanın sonunda şəhid valideynləri övladlarının adını daşıyan sinif otaqlarını ziyarət ediblər.
Sonda kollecin Tərbiyə işləri üzrə direktor müavini Asəf Məmmədov, müəllim heyəti və tələbələr Zəfər Parkını ziyarət edərək burada yerləşən Zəfər tağı abidəsi önünə gül dəstələri qoyub, şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər. Ziyarət zamanı Vətən uğrunda canından keçmiş şəhidlərin qəhrəmanlıq və fədakarlıq nümunələrinin gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb.


















