ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin “Mədəniyyət və İncəsənət Klubu” və “Qayıdış və Dirçəliş Naminə” Gənclər Təşkilatının birgə təşəbbüsü ilə kollecimizdə “Dövlət Suverenliyi Günü”nə həsr olunmuş möhtəşəm tədbir keçirildi.
Tədbir öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbirin əvvəlində Prezident İlham Əliyevin suverenliklə bağlı tarixi çıxışından qısa videoçarx nümayiş olundu.
Tədbiri kollecin “Dillər” fənn birləşmə komissiyasının sədri, Mədəniyyət və İncəsənət Klubunun kuratoru Aynur Rzaquliyeva açıq elan edərək iştirakçıları 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik etdi. O, çıxışında dövlət suverenliyinin əhəmiyyətindən bəhs edərək bu tarixi günün Azərbaycan xalqı üçün xüsusi önəm daşıdığını vurğulayıb və sözü tədbirdə iştirak edən qonaqlara verdi.
Rəsmi hissədə çıxış edən qonaqlar – “Qayıdış və Dirçəliş Naminə” Gənclər Təşkilatının sədri Vüqar Qədirov və Milli QHT Forumunun sədri Ramil İsgəndərli 20 Sentyabr – Dövlət Suverenliyi Gününün tarixi və ictimai əhəmiyyətindən geniş bəhs etdilər.
Çıxışlarda Azərbaycanın suverenlik tarixindən, Ermənistanın Azərbaycana qarşı uzun illər davam edən ərazi iddialarından, 44 günlük Vətən müharibəsindən və 2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunmasından danışıldı.
Qonaqlar Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin, Azərbaycan Ordusunun göstərdiyi rəşadət və şücaətin tarixi qələbənin əldə olunmasındakı rolunu xüsusi vurğulayıb, gənclərin vətənpərvərlik ruhunda keçirilən tədbirlərdə fəal iştirakının vacibliyini diqqətə çatdırdılar. Həmçinin tədbirin yüksək səviyyədə təşkilinə görə kollec rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Tədbirin bədii hissəsində isə “Qayıdış və Dirçəliş Naminə” Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən ifaçılar çıxış etdilər.
Həmçinin kollecin tələbəsi Rövnəq Mirzəxanlının öz qələmə aldığı “Vətən” şeiri müəllifin öz ifasında səsləndirildi.
Tədbir hər birimizin qəlbini qürur hissi ilə dolduran “Azərbaycan” musiqisinin ifası ilə yüksək əhval-ruhiyyədə yekunlaşdı.
Dövlət Suverenliyi Günümüz mübarək olsun! Birliyimiz və dirçəlişimiz daim olsun!













