ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində rəhbərlik və tələbələr arasında geniş tərkibli görüş keçirilib. Kollecin direktoru, professor Nasim Abışovun rəhbərliyi ilə baş tutan görüşdə direktor müavinləri, şöbə müdirləri, Həmkarlar İttifaqının sədri, hüquqşünas, fənn birləşmə komissiyalarının sədrləri, kuratorlar, kollecin psixoloqu, tyutorlar və qrup nümayəndələri iştirak ediblər.
Görüş zamanı tələbələrin kollecin ictimai həyatında fəal iştirakı, sosial aktivliyinin artırılması və tələbə təşəbbüslərinin dəstəklənməsi ilə bağlı məsələlər müzakirə olunub. Yüksək nəticə göstərən tələbələr arasından qrup nümayəndələrinin seçilməsi, onların üzərinə düşən vəzifə və öhdəliklər, həmçinin tələbələrlə rəhbərlik arasında mütəmadi görüşlərin keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Tələbə Gənclər Təşkilatının və tələbə klublarının fəaliyyəti, onların məqsəd və vəzifələri, tələbələrin bu strukturlarda iştirakı və üzərinə düşən öhdəliklər barədə geniş məlumat verilib. Digər kolleclərlə birgə seminarların keçirilməsi, memorandumların imzalanması və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Eyni zamanda, Tələbə Həmkarlar Təşkilatının yaradılması ilə bağlı müvafiq göstəriş verilib.
Görüşdə yüksək nəticə göstərən tələbələrin müxtəlif təqaüdlərə layiq görülməsi imkanları barədə də məlumat verilib. Kollecimizin rəsmi saytında yer alan “Tələbədən direktora” bölməsi vasitəsilə tələbələrin təklif, müraciət və şikayətlərini birbaşa rəhbərliyə çatdıra biləcəkləri bildirilib.
Tələbələr üçün təhsil şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlər, yeni kompüter, noutbuk və monitorların alınması, həmçinin sənədlərin rəqəmsal dövriyyəsinin təmin edilməsi barədə məlumat verilib. Tələbələrin fərdi tədris planlarının müzakirəsi olub.
Professor Nasim Abışov kredit və imtahan sistemi haqqında geniş məlumat verərək nizam-intizam və davamiyyətin tədris prosesində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, tələbələri bu məsələlərə məsuliyyətlə yanaşmağa çağırıb. Eyni zamanda, kollecdə psixoloq xidmətinin fəaliyyəti haqqında məlumat verərək ehtiyac duyan tələbələri psixoloqun xidmətindən yararlanmağa dəvət edib.
Kollecin kitabxanasının zənginləşdirilməsi istiqamətində görülən işlərdən danışan direktor tələbələri ADNSU-nun tərkibində fəaliyyət göstərən elektron kitabxanadan fəal istifadə etməyə çağırıb. Həmçinin tələbələrin Süni İntellekt Mərkəzindən və elmi laboratoriyalardan istifadəsi, bu istiqamətdə əldə olunan razılaşmalar və görülən işlər barədə məlumat verib.
Sonda tələbələrlə səmimi söhbət aparan professor Nasim Abışov onların fikir və təkliflərini dinləyib, qarşıdan gələn tədris ilində onlara uğurlar arzulayıb.



