Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

15 sentyabr – Bilik Günü ilə əlaqədar tədbir keçirildi

Kollecimizdə 15 sentyabr – Bilik Günü münasibətilə təntənəli tədbir keçirildi. Tədbiri kollecin “Dillər” fənn birləşmə komissiyasının sədri Aynur Rzaquliyeva açıq elan edərək müəllim, tələbə və valideynləri salamladı. Yeni tədris ilinin başlanması münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Aynur Rzaquliyeva çıxış üçün sözü kollecin direktoru, professor Nasim Abışova verdi.

Direktor  yeni tədris ilinin başlanması münasibətilə bütün müəllim heyətini, valideynləri və xüsusilə ilk dəfə tələbə adını qazanan gəncləri təbrik etdi. 

Professor Nasim Abışov 2026–2027-ci tədris ilində kollecə qəbul prosesi barədə məlumat verərək, yeni tədris ilində kollecə ümumilikdə 800-dək tələbənin qəbul olunduğunu bildirdi. O, kollecə qəbul olan tələbələrin yüksək nəticələr göstərdiyini qeyd edərək, xüsusilə diqqətəlayiq göstərici kimi qəbul aparılan 19 ixtisasdan 16-sı üzrə keçid ballarının ölkə üzrə ən yüksək keçid balı olduğunu vurğuladı. Əldə olunan nəticələrin kollecin uğurlu fəaliyyətinin göstəricisi olduğunu bildirən direktor yeni qəbul olunan tələbələrdən təhsil müddətində yüksək nəticələr, məsuliyyət və fəallıq gözlədiklərini qeyd edərək, onların kollecin uğurlarına öz töhfələrini verəcəklərinə əminliyini ifadə etdi. Çıxışı zamanı professor tələbələrin yalnız təhsildə deyil, kollecin ictimai həyatında da fəal iştirakının vacibliyini vurğuladı. 

Həmçinin kollecdə fəaliyyət göstərən tələbə klubları haqqında məlumat verərək, gəncləri bu klubların fəaliyyətində fəal iştirak etməyə, yarışlara, startap layihələrinə qoşulmağa və öz potensiallarını nümayiş etdirməyə dəvət etdi.

Tədbirdə direktor TGT-nin fəaliyyətə başlaması barədə də məlumat verdi. O, TGT-nin tələbələrin ictimai fəallığının, təşəbbüskarlıq və liderlik bacarıqlarının inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd etdi. Direktor, həmçinin kollecdə nizam-intizam qaydalarına riayət olunmasının vacibliyini vurğulayaraq, tələbələrdən təhsil müddətində məsuliyyətli, intizamlı və kollecin adına layiq davranış nümayiş etdirməli olduqlarını bildirdi.

Direktor çıxışı zamanı yüksək nəticə göstərən tələbələrin müxtəlif təqaüdlərə layiq görüldüyünü bildirərək, təqaüdləri tələbələrə təqdim etdi. 

Heydər Əliyev adına təqaüd: Baxşəliyeva Nərmin Hilal qızı – “Proqramlaşdırma və informasiya təhlükəsizliyi” şöbəsi  (ÜOMG: 96,06 bal);

Lütfi Zadə adına təqaüd: Quluzadə Həsən Samir oğlu – “Proqramlaşdırma və informasiya təhlükəsizliyi” şöbəsi (ÜOMG: 94,87 bal);

Ən yüksək DİM balı ilə qəbul olunan tələbə üçün təqaüd: Hacıyeva Aytac Aydın qızı – “Proqramlaşdırma və informasiya təhlükəsizliyi” şöbəsi (DİM balı: 265,7 bal).

Tədbirdə Heydər Əliyev adına təqaüdə layiq görülən tələbə Baxşəliyeva Nərmin Hilal qızı və Ən yüksək DİM balı ilə qəbul olunan tələbənin anası çıxış edərək kollec rəhbərliyinə və pedaqoji heyətə minnətdarlıq etdilər.