2026–2027-ci tədris ilinin başlanması ilə əlaqədar kollecdə Pedaqoji Şuranın növbəti iclası keçirildi. İclası giriş sözü ilə açan kollecin direktoru, professor Nasim Abışov gündəlikdə duran məsələləri şura üzvlərinin diqqətinə çatdırdı. O, yeni tədris ilinin strateji hədəflərini, tədrisin keyfiyyətinin artırılması mexanizmlərini və pedaqoji kollektivin qarşısında duran əsas vəzifələri müəyyənləşdirdi.
İclasın gündəliyinə uyğun olaraq, Pedaqoji Şuranın tərkibi, illik fəaliyyət planı, habelə struktur bölmələrinin fəaliyyət planları və yeni yaradılmış mərkəzlərin əsasnamələri müzakirə olunaraq təsdiq edildi. Kollecin müəllimləri tərəfindən hazırlanmış 2 dərs vəsaitinin çap olunması tövsiyə olundu. Kollecin keçmiş əməkdaşı, mütəxəssis Cəfərov Şakir Dayandur oğluna 70 illik yubileyi münasibətilə təşəkkürnamə təqdim edildi. Direktor kollecin yeni əməkdaşı, hüquqşünas Zeynalzadə Qurban Elxan oğlunu kollektivə təqdim etdi.
Həmçinin iclasda kollecdə fəaliyyət göstərən fənn birləşmə komissiyalarının strukturu müzakirəyə çıxarılaraq, açıq səsvermə yolu ilə aşağıdakı tərkibdə təsdiq edildi:
- Kompyuter texnologiyaları fənn birləşməsi – Şahbazova Səadət Ağababa qızı;
- İqtisadiyyat fənn birləşməsi – Qasımova Sevinc Pənah qızı;
- Sənaye və Texnologiya fənn birləşməsi – Soltanova Səadət Sədi qızı;
- Təbiət fənləri fənn birləşməsi – Bayramova Səidə Məmməd qızı;
- Humanitar fənlər fənn birləşməsi – Kazımova Elnarə Eldar qızı;
- Dillər fənn birləşməsi – Rzaquliyeva Aynur Allahyar qızı.
İclasda 2026–2027-ci tədris ili üzrə kollecə tələbə qəbulunun yekunları geniş müzakirə olundu. Professor Nasim Abışov qəbul planının 100 faiz yerinə yetirildiyini və STK-ya qəbul üzrə keçid ballarının respublika üzrə ən yüksək göstəricilər sırasında olduğunu məmnunluqla qeyd etdi. Direktor, həmçinin yüksək nəticə göstərən tələbələrin müxtəlif təqaüdlərə layiq görüldüyünü bildirərək Ümummilli Lider Heydər Əliyev adına, Lütfi Zadə adına və ən yüksək DİM balı ilə qəbul olunan tələbələr üçün nəzərdə tutulan təqaüdlər barədə məlumat verdi.
Növbəti məsələ olaraq, müasir tədris metodologiyalarının tətbiqi və innovativ pedaqoji yanaşmaların tədris prosesinə inteqrasiyası yeni tədris ilinin prioritet istiqaməti kimi müəyyən edildi. Bununla əlaqədar aşağıdakılar tapşırıldı:
- Kredit sistemi ilə təhsil alan tələbələr üçün zəruri dərs vəsaitlərinin və fənn proqramlarının (sillabusların) hazırlanması;
- Elmi-metodiki fəaliyyətin intensivləşdirilməsi;
- Tədris keyfiyyətinin yüksəldilməsi;
- Müəllimlərin əsas vəzifə öhdəliklərinin düzgün icra edilməsinin təmin olunması.
İclas çərçivəsində professor Nasim Abışov müəllimləri maraqlandıran suallara aydınlıq gətirdi. Tələbələrin dərsə davamiyyətinə və nizam-intizamına nəzarətin gücləndirilməsi məqsədilə valideynlərlə müntəzəm əlaqələrin saxlanılmasının vacibliyini diqqətə çatdırdı. Direktor, eyni zamanda, tələbələrlə aparılan bütün işlərdə şəffaflığın və obyektivliyin tam təmin edilməsini tələb etdi.
İclasın sonunda direktor pedaqoji kollektivi yeni tədris ili münasibətilə təbrik edərək hamıya uğurlar və sağlamlıq arzuladı.






