“Narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizə” ritorikası çərçivəsində maarifləndirici seminar

İyunun 24-də ADNSU-nun nəzdində Sənaye və Texnologiya kollecində “Narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizə” ritorikası çərçivəsində maarifləndirici seminar keçirildi.

Seminarda kollecin rəhbərliyi, müəllim və tələbə heyəti iştirak edirdi.

Tədbiri giriş nitqi ilə Sənaye və Texnologiya Kollecinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Faiq Şahbazlı açdı. Faiq Şahbazlı nitqində narkomaniyanın 21-ci əsrdə də qlobal problemler sırasında qalmaqda olduğunu təəssüflə vurğuladı. O, bu dəhşətli xəstəliyin dinindən, dilindən, irqindən, sosial vəziyyətindən və s. asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəli olduğunu xüsusi qeyd etdi.

Seminarda mövzu ilə bağlı videoçarx nümayiş olundu.

Kollecin şöbə müdiri, fəlsəfə doktoru N.Məmmədova “Mən öz gələcəyimi seçirəm” mövzusunda oxuduğu mühazirədə bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına çevrilən Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü(26 iyun), Azərbaycan Respublikasında narkomaniyaya qarşı aparılan mübarizə, qanunvericilik, “Antinarkotik dünyagörüşünün formalaşdırılması” anlayışlarının mahiyyəti və məzmunu, narkotika qurbanlarının əlamətləri, narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olması və bu istiqamətdə mühüm tədbirlərin həyata keçirilməsi haqqında geniş məlumat verdi. O, narkomaniyaya qarşı mübarizə və narkotik asılılığın başlıca səbəblərinin aradan qaldırılması, narkomaniyaya qarşı profilaktikanın sistematik olması və kütləvi xarakter daşıması, antinarkotik dünyagörüşünün formalaşdırılmasında təhsilin, məlumatlandırmanın əvəzsiz rol oynadığını göstərdi.

Seminarda mövzu ilə bağlı müzakirələr aparıldı, iştirakçıları maraqlandıran suallar ətraflı şəkildə cavablandırıldı.

Seminara aid fotolar aşağıda təqdim olunur.