15 iyun – Milli Qurtuluş günüdür!

 

15 iyun – Milli Qurtuluş günüdür! 1997-ci ilin 15 iyun tarixindən bayram edilən, 1998-ci ildən isə dövlət bayramı statusu alaraq hər il rəsmi bayram kimi qeyd edilən Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür. Qurtuluş günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, parçalanma təhlükəsindən qurtulduğu, sabitliyə, demokratiyaya qovuşduğu gündür.

Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Ümummilli lider Heydər Əliyevdir.

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi.

Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.

Keçən  illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Respublikamızın inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.

Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.

Bu il  ikinci ildir ki, Azərbaycan xalqı bu günü dövlətimizin  ərazi bütövlüyünü təmin etmiş şəkildə yüksək əhval-ruhiyyə ilə qeyd edir.

Xalqımızı Milli Qurtuluş günü münasibətilə təbrik edir, dövlətimizə əbədi və sarsılmaz müstəqillik arzulayırıq.