31 Mart “Azərbaycanlıların Soyqırımı Günü”dür.



XX əsrin əvvəllərində erməni millətçiləri “Daşnaksütyun” partiyasının proqramında irəli sürülən “Böyük Ermənistan” ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətini genişləndirərək öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma yurdlarından qovmaqla etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başladılar. 104 il bundan əvvəl-1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələrinin törətdiyi soyqırımı qəddarlığı və amansızlığı ilə seçilmişdir.

1918-ci il 30 mart və 3 aprel tarixləri arasında erməni daşnaklarının bolşeviklərlə birgə törətdiyi qırğında Bakı şəhərində, Bakı quberniyasına daxil olan şəhər və qəzalarda, həmçinin Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, eləcə də yaşayış məntəqələri, mədəniyyət abidələri, məscidlər və digər ibadət yerləri, qəbiristanlıqlar dağıdılmışdır. Şamaxı qəzasının 110 kəndi, Quba qəzasının 167 kəndi, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi, Qars vilayətinin 98 kəndi dağıdılmış, yandırılmış və dinc əhaliyə divan tutulmuşdur.

1918-ci ilin mart-iyul aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda, Göyçayda erməni silahlı dəstələrinin törətdiyi qanlı cinayətlər nəticəsində qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla, ümumilikdə 50 mindən çox azərbaycanlı qətlə yetirilmişdir. Qədim Azərbaycan torpağı olan İrəvan şəhərində və onun ətrafında 199 kənd dağıdılmış, 132 min azərbaycanlı qətlə yetirilmişdir. Bu qanlı hadisələr zamanı insanlar evlərində diri-diri yandırılmış, eləcə də xüsusi işgəncələrlə və amansızlıqla öldürülmüşdür.

Ümumilikdə, 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir, Lənkəranla yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə amansız şəkildə davam etdirilməsi nəticəsində on minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilmiş, bir milyondan çox əhali öz doğma torpaqlarından didərgin salınmışdır. Tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən bu vəhşiliklər törədilərkən məktəblər, məscidlər yandırılmış, maddi-mədəniyyət nümunələri məhv edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfındən 1919 və 1920-ci illərdə martın 31-i milli matəm günü kimi qeyd edilmişdir.

Yetmiş illik sovet dövründə erməni vəhşilikləri və soyqırımları xalqdan gizlədilmiş, bu mövzuda danışmaq və yazmaq yasaq edilmişdir. Yalnız dövlət müstəqilliyi qazanılandan və ulu öndər Heydər Əliyev 26 mart 1998-ci ildə “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayandan sonra keçmişdə törədilənlərə obyektiv siyasi qiymət verilmiş, 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Həmin fərmana uyğun olaraq, həmin vaxtdan hər il 31 Mart Azərbaycan xalqının soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur, soyqırımı qurbanlarının xatirəsi yad edilir.

2013-cü ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan azərbaycanlıların xatirəsinə Quba şəhərində Qudyalçayın sol sahilində “Soyqırımı Memorial Kompleksi” ucaldılıb.

Prezident İlham Əliyevin 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Sərəncamda erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması bir vəzifə olaraq qarşıya qoyulmuşdur. Sərəncamda qeyd edilir ki, Azərbaycan xalqı bu məsələni hər zaman diqqətdə saxlamalı və erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlər daha da gücləndirilməlidir.

31 Martda azərbaycanlılara qarşı törədilən soyqırımı qurbanlarının əziz xatirəsini dərin hüznlə anırıq.