26 fevral- Xocalı soyqırımının otuzuncu ildönümüdür.

 

 

Bu il fevral ayının 26-da Qarabağ müharibəsi zamanı dinc əhalinin ən amansız formada qırğınlarından olan Xocalı soyqırımının 30-cu ildönümü tamam olur. Yanvarın 28-də Prezident İlham Əliyevin "Xocalı soyqırımının otuzuncu ildönümü haqqında" imzaladığı sərəncama əsasən həm ölkə daxilində, həm ölkədən xaricində Xocalı soyqırımının qurbanları anılır və bununla bağlı kütləvi tədbirlər keçirilir.

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinin işğal edilərək, etnik azərbaycanlılara qarşı törədilən soyqırım tarixə “Xocalı soyqırımı” kimi daxil olub. 1992-ci il fevralın 25-də Xocalı şəhərinin ağır artilleriya silahlarından atəşə tutulması saat 23:00-da başlayıb və cəmi beş saat ərzində 500 nəfər dinc azərbaycanlı həlak olub.

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini vəhşiliklə qətlə yetirilib; 8 ailə bütövlükdə məhv edilib; 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Əksəriyyəti diri-diri yandırılıb, başları kəsilib, üzlərinin dərisi soyulub, körpə uşaqların gözləri çıxarılıb, süngü ilə hamilə qadınların qarınları yarılıb. Öldürülənlər arasında körpə uşaqlar, qızlar, qocalar çoxluq təşkil edirdi. Bəzi meyitlərinsə ayaqlarına kəndir, məftil bağlayıb maşının arxasınca sürümüşdülər.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə fevralın 26-sı tarixi “Xocalı soyqırımı günü” kimi qəbul olunub.

Ulu öndər Heydər Əliyevin 25 fevral 1997-ci ildə verdiyi 498 nömrəli qərara əsasən, hər il fevral ayının 26-sı saat 17.00-da Respublika ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan olunur.

2008-ci il mayın 8-dən başlayan "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə dünya miqyasında Xocalı soyqırımına həsr olunan təqdimatlar təşkil edilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində (14 avqust 2021) bildirib ki,  Xocalı soyqırımı dünyanın gözü qarşısında baş verdi. Bu, yaxın tarixin hadisəsidir. Ancaq bunu bir çox ölkələr görmək istəmirlər və cəmi 13 ölkə Xocalı qətliamını soyqırımı kimi tanıyıb. ...Sözdə “erməni soyqırımı”nı tanıyan, o saxta “soyqırımı” tanıyan ölkələr Xocalı soyqırımını tanımaq istəmirlər. ..Bu, ədalətsizlikdir”.

44 günlük İkinci Qarabağ müharibəsi zamanı Ali Baş komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuz möhtəşəm zəfər qazanaraq, Azərbaycanın ərazi bütövlüyünü bərpa edib və Xocalı faciəsi qurbanlarının da qisasını alıb.

Təəssüf ki, soyqırımın 30-cu ildönümünü Xocalıda anım tədbirləri ilə keçirə bilmirik, Xocalısızıq.

Biz səbirsizliklə gözləyirik ki, Xocalı soyqırımına beynəlxalq hüquqi qiymət veriləcək və bu dəhşətli faciəni törədənlərə zəruri cəza tədbirləri tətbiq ediləcəkdir. Yaxın gələcəkdə Xankəndi, Xocalı, Ağdərə bölgələri də separatçılardan, terrorçulardan təmizlənəcəkdir.

 

Azərbaycan xalqı heç vaxt Xocalı faciəsini unutmayacaq və unutdurmayacaq.