Fevralın 21- i Beynəlxalq Ana Dili Günüdür.

 

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Banqladeş səfirinin təşəbbüsü ilə 1999-cu ilin noyabrında UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir.

Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsi olub, millətin millət olaraq təsdiqi deməkdir. Dilin dövlət dili statusuna yüksəlməsi millətin dövlət qurmaq və qorumaq qüdrətinin bir göstərcisidir. Bu mənada dilin dövlət dili statusu qazanması böyük tarixi hadisədir.

Ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapmasında ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük rolu olmuşdur.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi ilə bağlı 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunu qəbul edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il yanvarın 12-də “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” imzaladığı Sərəncam ilə Azərbaycan dilinin hərtərəfli inkişafı üçün geniş imkanlar yaranıb.

Hər iki dövlət sənədi Azərbaycan dilinin qoruması və inkişaf etdirilməsində tarixi əhəmiyyət daşıyır.

Ana dilini qorumaq hər bir azərbaycanlının mənəvi borcudur !!!