Ümummilli lider Heydər Əliyevin vəfatının 18-ci ildönümünə həsr olunmuş tədbir

 

 

10 dekabrda ADNSU-nun nəzdində Sənaye və Texnologiya kollecində Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin Anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Koronavirus infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə ölkədə tətbiq edilən sərt karantin rejiminin tələblərinə uyğun təşkil olunub.

Tədbirdə kollecin rəhbərliyi, əməkdaşları və tələbələr iştirak ediblər.

İlk əvvəl  ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin direktoru, dosent Faiq Şahbazlı ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, dahi şəxsiyyətin dövlətçilik üçün gördüyü işlərdən danışıb. Faiq Şahbazlı Azərbaycan tarixində uzaqgörən siyasi xadim, dahi rəhbərin ətrafında hər zaman xalqın yumruq kimi birləşərək həmrəylik nümayiş etdirdiyini qeyd edib. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrləri xatırladaraq onun ictimai-siyasi xadim olaraq daim xalqın dəstəyindən güc aldığını, dahi və müdrik rəhbərin çağırışlarına xalqın hər zaman dəstək olduğunu, böyük şəxsiyyətin həmişə xalqa arxalandığını vurğulayıb.

Ulu öndərin zəngin həyat yoluna həsr olunmuş video çarxın nümayişindən sonra

kollecin şöbə müdiri, ped. üzrə fəlsəfə doktoru  N.Məmmədova “Heydər Əliyev siyasi kursu bütün uğurlarımızın açarıdır” mövzusunda məruzə edib. N. Məmmədova Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin həyat yolu, onun ideyaları, Azərbaycan xalqının həyatında oynadığı əvəzolunmaz rol və misilsiz xidmətlər haqqında ətraflı məlumat verib.

Məruzədə ulu öndər Heydər Əliyevin irsi, dövlətçilik ənənəsi, siyasi kursunun Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, 44 günlük Vətən müharibəsində “Dəmir yumruq”la Ermənistan ordusunun darmadağın olunduğu, torpaqlarımızın düşmənlərdən azad edildiyi, xalqın böyük Zəfər sevinci yaşadığı xüsusi qeyd edilib, dahi şəxsiyyətin irsinin tələbə-gənclərə öyrədilməsinə kollecdə xüsusi diqqət yetirildiyi vurğulanıb.

Tədbirdə ümummilli liderin Anım gününə həsr olunmuş ədəbi-musiqili kompozisiya təqdim edilib.

Tədbirə aid şəkillər aşağıda təqdim olunur