17 noyabr – Milli Dirçəliş Günüdür

1992-ci ildən etibarən Azərbaycanda istiqlal mücadiləmizin əsas mərhələlərindən biri olan 17 noyabr: xalqın milli-azadlıq hərəkatının başlanğıc günü - Milli Dirçəliş Günü kimi qeyd olunur.

33 il bundan əvvəl, Azərbaycan ictimaiyyəti 70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan Sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini ucaltdı və ölkəmizin tarixində yeni bir dövrün təməli qoyuldu.

Milli Dirçəliş Gününün tarixi “Meydan hərəkatı” ilə bağlıdır. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistan və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsi 1988-ci ilin 17 noyabrında Bakının Azadlıq meydanında “Meydan hərəkatı”nın əsasını qoyub. 1988-ci il noyabrın 17-də Bakının Azadlıq meydanına toplaşan xalq fasiləsiz kütləvi etiraz aksiyasına başlayıb. Etiraz aksiyası 17 gün (17 noyabr-5 dekabr,1988-ci il) aramsız davam etmiş və milyonlarla insan qatılmışdır. Xalq hərəkatı təkcə Bakıda deyil, Naxçıvan, Gəncə və Lənkəranda da kütləvi xarakter almışdır.

Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ilin aprelində bolşeviklər tərəfindən endirilən üçrəngli, ay-ulduzlu bayrağı yenidən - 17 noyabr 1988-ci ildə Bakının Azadlıq meydanında dalğalanmışdır.

Mitinqlər dekabrın 4-dən 5-nə keçən gecə SSRİ-nin daxili qoşunları tərəfindən dağıdıldı. Lakin Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını ala bilmədi. 1989-cu ilin sentyabrında Ali Sovetin Azərbaycanın suverenliyi haqqında Konstitusiya Aktını qəbul etməsi Moskvanı daha da qıcıqlandırdı. 1990-cı ilin 19-20 yanvarında Bakıya yeridilən sovet daxili qoşunları mitinq iştirakçılarına qarşı hücum edərək, ağır texnika və odlu silahdan istifadə etdi. Mitinq zorla dağıdıldı və fövqəladə vəziyyət elan edildi. Meydanda gecələyən minlərlə azadlıqsevər insan həbs edildi, yüzlərlə aksiya iştirakçıları və dinc sakin vəhşicəsinə qətlə yetirildi.

Ümumxalq mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da, xalqımızın milli qürurunu sındıra bilmədi. 1990-cı il noyabrın 17-də Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin ilk sessiyasında Muxtar respublikanın adından “sovet” və “sosialist” sözləri çıxarıldı. Bununla da, Ümummilli lider Heydər Əliyev milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addımı atdı. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi elan olundu. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu.

17 günlük “Meydan hərəkatı” Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə həkk olunub.

Milli Dirçəliş Günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunsa da, 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərə əsasən iş günü sayılır.

Bu il xalqımız Milli Dirçəliş Gününü Ümummilli Lider Heydər Əliyevin ideyalarının layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın silahlı qüvvələrinə qarşı 27 Sentyabr-10 Noyabr 2020-ci il tarixlərində baş verən 44 Günlük müharibə nəticəsində təxminən otuzillik erməni işğalına son qoyulduğu, ərazi bütövlüyümüzün bərpa edildiyi və işğaldan azad olunmuş torpaqlarda Azərbaycan bayrağının ucaldığı bir şəraitdə qeyd edir.

Azərbaycan xalqı, dövlət müstəqilliyin əbədi olsun!

Milli Dirçəliş günümüz mübarək!

Qeyd: 17 noyabr: xalqın milli-azadlıq hərəkatının başlanğıc günü olan Milli Dirçəliş Gününə aid materialın seminar dərslərdə istifadəsi tövsiyə edilir.