ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində Azərbaycanın “Zəfər günü” və “Dövlət Bayrağı Günü”nə həsr olunmuş tədbir

 



05 noyabr 2021–ci il tarixində ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində Azərbaycanın “Zəfər günü” və “Dövlət Bayrağı günü” ilə əlaqədar tədbir təşkil olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir Koronavirus infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə ölkədə tətbiq edilən karantin rejiminin tələblərinə uyğun təşkil olunub.

Tədbirdə çıxış edən Sənaye və Texnologiya Kollecinin direktoru, dosent Faiq Şahbazlı “Zəfər günü” və “Dövlət Bayrağı günü” ilə bağlı tədbirin keçirilməsində əsas məqsədin tələbə-gənclərin dövlətimizə və milli-mənəvi dəyərlərimizə hörmət hissinin aşılanmasında, gənc nəslin vətənpərvərlik ruhda formalaşmasında böyük rol oynadığını vurğulayıb, vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi istiqamətləri barədə tələbə-gənclərə öz tövsiyyələrini bildirib.

Faiq Şahbazlı tədbir iştirakçılarını bayramı münasibəti ilə təbrik edib, onlara can sağlığı və fəaliyyətlərində uğurlar arzulayıb.

Kollecin şöbə müdiri, ped. üzrə fəlsəfə doktoru N. Məmmədova 8 noyabr “Zəfər Günü” və 9 noyabr “Dövlət Bayrağı Günü”nün mahiyyəti, tarixi və ictimai-siyasi əhəmiyyəti” ilə əlaqədar məruzə ilə çıxış edib.

Məruzədə deyilir: Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu davam etdirən cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Ermənistanın 30 ildən bəri davam edən təcavüzkar siyasətinə son qoyub. Torpaqlarımız işğaldan azad edilib və beynəlxalq hüququn bərpası təmin edilib. Bununla da, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” deyən Ümummilli lider Heydər Əliyevin tarixi arzusu reallaşıb.

İkinci Qarabağ müharibəsində qazanılmış Şanlı qələbəmizin kökündə Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəxsiyyət faktoru, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi, həmçinin qardaş Türkiyənin, dost Pakistanın böyük mənəvi-siyasi dəstəyi durur.

Öz çıxışında N. Məmmədova Azərbaycan dövlətinin suverenlik rəmzi olan Dövlət bayrağının fəlsəfi-ideoloji mahiyyəti, məzmunu və tarixi haqqında ətraflı məlumat verərək, bildirib ki, milli bayraq hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin isə şərəfi, qüdrəti olub, vətəndaş cəmiyyətinin formalaşmasında və inkişafında böyük əhəmiyyətə malikdir. Azərbaycanın bütün təhsil işçilərinin, o cümlədən bizim pedaqoji kollektivin də başlıca vəzifəsi müstəqil Azərbaycan Respublikasının gələcəyini təmin edəcək, Vətənini, millətini ürəkdən sevən, doğma Azərbaycan uğrunda şəhidliyə hazır olan, milli müstəqillik və dövlətçilik rəmzlərinə ehtiram bəsləyən vətənpərvər Azərbaycan gəncliyini yetişdirməkdən ibarət olmalıdır.

Tədbirdə “Zəfər Günü” və “Dövlət Bayrağı günü” ilə bağlı videoçarxlar nümayiş edilib.

Kollecin rəhbərliyi tərəfindən Vətən müharibəsi iştirakçısı olmuş tələbələrə hədiyyə və pul mükafatı təqdim olunub.

Tədbir müstəqilliyimizi, dövlətçiliyimizi təbliğ edən milli-vətənpərvərliklə bağlı bədii hissə ilə davam etdirilib.

Bayramınız mübarək!!!

Gözün aydın olsun Azərbaycan! G özünüz aydın olsun dünya azərbaycanlıları!”.

Qeyd: Tədbirlə bağlı fotolar aşağıda təqdim edilir.